Mingəçevir Dövlət Universitetinin (MDU) akademik, inzibati və tələbə heyətinin bir qrup üzvü universitetin şəhid məzunu Əzəmi Hüseynovun doğum günü münasibətilə keçirilən anım mərasimində iştirak edib.

 

Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edən tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Şəhidin adına inşa edilmiş bulağın qarşısında davam edən anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, universitet kollektivinin üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa edilməsində qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğu qeyd edilib və Ə.Hüseynovun keçdiyi şərəfli döyüş yolundan danışılıb.

 

Universitetdə təhsil aldığı dövrdə Ə.Hüseynovun yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışlarından, vətənpərvər və nizam-intizamlı tələbə olmasından söhbət açan MDU-nun akademik heyət üzvləri qəhrəman məzunlarla qürur duyduqlarını diqqətə çatdırıblar.

 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ə.Hüseynov dövlət başçısının müvafiq sərəncamına əsasən, “Vətən uğrunda” və “Suqovuşanın azadlığı uğrunda” medalları ilə təltif edilib. 

 

Şəhidin həyat yoldaşı Minayə Hüseynova hazırda MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) koordinatoru vəzifəsində çalışır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən işlərin çevik və səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılan TVİM tərəfindən qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.