Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda müəssisənin elmi işlər üzrə sabiq direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovun müəllifi olduğu “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əkinçiliyin bəzi sahələrinə təsiri” kitabının təqdimat mərasimi keçirilib.

 

Alimin  anadan olmasının 67-ci ildönümünə həsr edilən tədbirdə mərhumun övladları, müəllimi və dostları da iştirak ediblər.

 

İnstitutun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov alimin həyatı, elmi və təşkilati fəaliyyəti barədə  məlumat verib. Bildirilib ki, M.Həsənov iqlimşünaslıq və aqroiqlimşünaslıq sahəsində görkəmli bir alim kimi Azərbaycan coğrafiya elminin inkişafında danılmaz rol oynayıb. Əkinçiliyin, xüsusən taxıl bitkilərinin məhsuldarlığının və keyfiyyətinin artmasına iqlimin təsirini tədqiq etməklə Azərbaycan ərazisində taxılçılığın daha geniş yayılması, onun inkişafı üçün böyük əmək sərf edib. Direktor, eyni zamanda M.Həsənovun yüksək təşkilatçılıq bacarığını və fəaliyyətini də xüsusi qeyd edib.

 

Alimin öz monoqrafiyasını kitab halında  görə bilməməsinə təəssüflənən institut direktoru onu hazırlayıb nəşr etdirən ailə üzvlərinə bütün coğrafiyaçılar adından təşəkkürünü və iqlim sahəsində yeni kadrların yetişməsində kitabın xüsusi əhəmiyyəti olacağını bildirib.

 

İnstitut Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev M.Həsənovun coğrafiya elmində qazandığı uğurlardan bəhs edib, alimin  elmi potensialını yüksək dəyərləndirib. İqlim və aqroiqlimşünaslıq şöbəsinin müdiri Xəyyam Rəhimov, Pirqulu Coğrafi Tədqiqatlar Stasionarının müdiri Çingiz Gülalıyev, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri Zaur İmrani və digərləri çıxış edərək M.Həsənovla olan xatirələrini, eləcə də müəllifi olduğu monoqrafiya haqqında fikirlərini bölüşüblər.

 

Tədbirin sonunda M.Həsənovun elmi və təşkilati fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.