İştirakçıların bir qismi 70 santimetrlik teleskopla Ayı və Saturnu müşahidə ediblər


Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) təşkil olunmuş “Yay Fest” fəaliyyətini növbəti düşərgə ilə davam etdirib. Belə ki, “Yay Fest”in sonuncu düşərgəsi olan “İnkişaf və Karyera” kampı start götürüb.

 

Düşərgənin ilk günündə iştirakçılar Ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, Ümummilli Liderin əziz xatirəsini yad ediblər.

 

Sonra ŞAR-ın ərazisinə gələn iştirakçılara Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Mərkəzin baş direktoru Rəvanə Həsənlinin “Azərbaycanda karyera inkişafı” mövzusunda çıxışı olub.

 

Daha sonra düşərgə iştirakçılarının vaxtlarını xoş və səmərəli keçirmələri üçün müxtəlif əyləncəli fəaliyyətlər təşkil edilib və maraqlı oyunlar oynanılıb.

 

İki illik fasilədən sonra “Ulduzlara doğru” devizi ilə yenidən təşkil edilən  festivalda aşxam saatlarında gənclər üçün astro-seminar təşkil olunub.

 

ŞAR-ın Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, dosent Ədalət Ətayi düşərgə iştirakçılarına astronomiyanın tarixi, Rəsədxananın qurulması, ŞAR-da həyata keçirilən astronomik tədqiqatlar haqqında məlumat verib. Sonra isə Günəş sistemi planetləri, kosmik aparatlar və yerdənkənar sivilizasiyalar haqqında maraqlı məruzə ilə çıxış edib.

 

Nəzəri astro səyahətdən sonra praktiki olaraq da kosmosa səyahət etmək istəyən festival iştirakçılarının bir qismi ŞAR-ın 70 santimetrlik teleskopu ilə Ayı və Saturnu müşahidə edib, səmadakı bürclər haqqında məlumatlandırılıblar.