Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən böyük diqqət və maraqla izlənilir. Xüsusən, Birinci vitse-prezident vəzifəsinə təyin olunduqdan sonra bu ictimai diqqət bir az da artıb.  

 

Birinci vitse-prezident vəzifəsinin əhatə dairəsi, məsuliyyəti yetərincə böyükdür, bu mənada dövlət işlərinin yükünün həm də bir xanımın çiyinlərinə düşməsi onun ictimai obrazını cəmiyyətə  olduğu kimi təqdim edir.   

 

Mehriban Əliyeva zəngin ictimai fəaliyyətlə yanaşı, siyasi fəaliyyətinin də öhdəsindən uğurla gəlir və ölkənin hərtərəfli inkişafı, iqtisadi qüdrəti, mədəni səviyyəsinin yüksəlməsi, milli ənənələrinin yaşaması üçün maraqlı ideyalar, faydalı təşəbbüslər irəli sürməkdə davam edir.   

 

Əgər ictimai fəaliyyətinin ilk illərindən başlasaq, qiymətləndirməyə xeyli sayda  gərəkli təşəbbüsləri ilə yanaşmalıyıq. Onlardan bir neçəsinə diqqət edək.  

 

Ermənistanın təcavüzkarlıq siyasətini bütün dünyaya göstərmək 

 

Heydər Əliyev Fonduna rəhbərliyinin ilk vaxtlarında Mehriban Əliyeva  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq siyasətinin dünyaya göstərilməsi istiqamətində gərəkli və ardıcıl işlər aparmağa başladı.  

 

Fondun dəstəyi ilə hazırlanan “Qarabağ həqiqətləri” bukleti müxtəlif dillərdə hazırlanıb yayılırdı. Xocalı faciəsini əks etdirən fotoşəkillər, sənədli filmlər, soyqırıma dair müxtəlif materiallar xaricdə sərgi salonlarında sərgilənirdi. Bunlar Azərbaycanın üzləşdiyi problemə dünyanın diqqətini cəlb etmək məqsədi daşıyırdı. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı faktları ortaya qoymaq qatıldığı bütün beynəlxalq tədbirlərdə ön planda gəlirdi.  

 

44 günlük savaşın Qələbə ilə başa çatmasında bu təbliğatın da böyük payı oldu. Diplomatik, ictimai müstəvidə aparılan mübarizə bəllidir ki, xarici auditoriya üçün bilgi bazası formalaşdırır. Müharibə başlayanda Azərbaycana avropalı jurnalistlər səfər edirdilər. Artıq onların əksəriyyəti bölgəni tanıyır, münaqişənin köklərini az-çox bilirdilər. Çünki Qarabağ məsələsi bəzən mümkün olduğu qədər, bəzən prinsipial şəkildə bütün beynəlxalq tədbirlərin gündəminə salınırdısa, Avropa insanlarının hafizəsinə zəngin informasiya ötürmək üçün idi. Bu təbliğatın əsas vaciblik yükünü Heydər Əliyev Fondu da çəkirdi.        

 

Sosial layihələrin mühüm əhəmiyyət kəsb etməsi

 

Mehriban Əliyevanın ictimai,  siyasi fəaliyyətinin əsas prioriteti insanların qayğılarına kömək etmək, problemlərinə dəstək olmaqla bağlı idi.    

 

Ümumiyyətlə, Birinci xanımın sosial layihələrə verdiyi dəstəkdən danışsaq, saatlarla zaman lazımdır ki, onları ardıcıllıqla sıralaya bilək. Çünki sosial sahə olduqca böyük və həssasdır; həm də bu sahədəki problemlər təcili həll tələb edən problemlərdir. Bütün bu illərdə müalicəyə ehtiyacı olan insanların böyük əksəriyyəti hansı qapını döyürdü, kimdən kömək istəyirdi? Təbii ki, Heydər Əliyev Fondundan. Niyə Fond? Çünki cəmiyyətə özünü xeyirxah, ehtiyaclı vətəndaşın üzünə hər zaman açıq, onun probleminə həssas bir instansiya, ünvan olaraq tanıtmışdı. Vətəndaş bu qapıdan dərdli girib, yüngülləşmiş şəkildə çıxırdısa, yaxud məktubuna cavab ala bilirdisə, təbii ki, Heydər Əliyev Fondunun nüfuzu ən üst səviyyəyə qalxmalıydı və qalxdı. Bu gün də nüfuzlu, etibarlı ictimai qurum kimi fəaliyyət göstərir.     

 

Azərbaycanda daun sindromu, talassemiya, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların  müalicəsinə Mehriban Əliyeva tərəfindən hər zaman diqqət ayrıldı. Onun təşəbbüsü ilə Talassemiya Mərkəzi, Uşaq onkologiyası xəstəxanalarının infrastrukturu formalaşdı, burada uşaqların sağlamlığına qovuşmaları üçün hər cür şərait yaradıldı. Mehriban Əliyevanın qırmızı lentini kəsdiyi sosial təyinatlı kifayət qədər obyektlər uşaqların inkişafına, sağlamlığına, xoşbəxt yaşamasına hesablanan  olduqca dəyərli işlərdir.  

 

Onun fəaliyyəti hər zaman məhz xalqa xidmət fəlsəfəsi üzərində quruldu. Birinci vitse-prezident kimi fəaliyyətə başladığı ilk günlərdən sosial sahənin vacibliyini, buraya hər zaman diqqət göstərməyin gərəkli olduğunu nümayiş etdirdi: ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməklə. Həmin müşavirədə müvafiq qurumlar qarşısında bu sahədə görüləcək işlərlə bağlı konkret vəzifələr qoydu: Yeni mənzillər, yeni binalar tikilməli və keyfiyyət standartlarına tam cavab verməlidir; mənzillə təmin olunmayan bir qaçqın ailəsi belə, qalmamalıdır!  Ölkəsinin vətəndaşını düşünmənin bariz nümunəsi!   

 

Təhsil, səhiyyə, idman, mədəniyyət, ekologiya və digər sahələrin tərəqqisinə  göstərilən diqqət, onların inkişafı üçün gərəkli təşəbbüslər, sayı-hesabı bilinməyən həyata keçirilimiş tədbirlər-siyahını uzatmaq əlbəttə ki,  mümkündür...        

 

Mehriban Əliyevanın Azərbaycan mədəniyyəti üçün gördüyü işlərin bəlkə də ən qiymətlisi Muğam müsabiqələri sayıla bilər. Məlumdur ki, illər öncə muğam sənətinə maraq azalmışdı. Muğamı gələcək nəsillərə ötürmək, bununla da onu həmişəlik yaşatmaq təşəbbüsü Azərbaycanın musiqi ictimaiyyəti tərəfindən alqışlandı, sistemli müsabiqələr keçirildi. İstedadlı uşaqlar axtarılıb-tapıldı, onlarla iş aparıldı, bu sahəyə gəlmək üçün maddi-mənəvi stimullar yaradıldı. Beləliklə, muğamda möhtəşəm bir estafet başlandı; həmin müsabiqələr nə qədər gözəl muğam səslərini ortaya çıxartdı; mədəniyyət aləminə yeni istedadlı ad və soyadlar gətirdi.  

 

Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Mehriban Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, mədəniyyətimizin beynəlxalq miqyasda təbliğatı yönündə çalışmanın olduqca gərəkli və alqışalayiq bir nəticəsidir.  

 

Dünyaya həm də idmanla inteqrasiya etmək təşəbbüsü  

 

Mehriban Əliyeva idman sahəsində də gözəl təşkilatçıdır. Bakıda Birinci Avropa Oyunları ilə əlaqədar infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması həyata keçirildi.  “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərdi.  Onun rəhbərlik etdiyi işgüzar komandanın böyük əzmkarlığı sayəsində Azərbaycan Birinci Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirdi.  

 

Mehriban Əliyevanın Birinci xanım, xoşməramlı səfir və digər titulları ilə birgə əla təşkilatçı, xeyirxah, mərhəmətli insan, valideyn qayğısından məhrum, xəstə uşaqların əsl himayəçisi kimi şərəfli missiyası onun fəaliyyətinin xalqa xidmət fəlsəfəsi üzərində qurulduğunun bariz göstəricisidir.  

 

Cəmiyyət üçün əhəmiyyətli təhsil, səhiyyə layihələrinin ortaya qoyulması, sosial problemlərin həllinə dəstək, ailələrin dərdlərini yüngülləşdirmək üçün atılan konkret addımlar, ehtiyaclıya əl tutmaq, humanist prinsiplərə söykənmək kimi nümunələr Mehriban Əliyevanın bioqrafiyasını yetərincə zənginləşdirən, ictimai-siyasi portretini daha da mükəmməlləşdirən danılmaz faktlardır.  

 

Bu işləri sübut kimi özündə həmişəlik saxlayan fotolara, videolara hər dəfə  baxmaq həm insanı duyğusallaşdırır, həm də qürur hissi oyadır.  

 

Bütün bu gərəkli, mükəmməl, genişmiqyaslı fəaliyyət dövlətimiz tərəfindən hər zaman layiqli şəkildə qiymətləndirilib. Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə, Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyeva “Heydər Əliyev” Ordeni ilə təltif edilib. Üstəlik,  nə qədər beynəlxalq mükafatlar.  

 

Mərhəmətli qəlbi, xeyirxah əməlləri, vətənsevərliyi ilə cəmiyyətdə gözəl nümunə olan Mehriban Əliyevanın həm Birinci xanım kimi, həm ictimai-siyasi xadim kimi daha bir qiymətli mükafatı da var: XALQININ SEVGİSİ!!!