Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2021/2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən Memarlıq ixtisası üzrə (I qrup) qabiliyyət imtahanı keçirilir.
Qabiliyyət imtahanına Dövlət İmtahan Mərkəzinin (DİM) məsul nümayəndələri - Rövşən Əsədov, Aygün İskəndərova, Səbinə Vəliyeva, Mehriban Cəfərsoy, Günel İsmayılova, eləcə də universitetin memarlıq fakültəsinin müəllimləri nəzarət edir.
AzMİU-dan bildirilib ki, imtahanın ilk günündə 65 abituriyent qeydiyyatdan keçib. İmtahan tapşırığını yerinə yetirmək üçün abituriyentlərə 5 akademik saat vaxt verilir.
İmtahan prosesi universitetin idman zalında təşkil olunub, tələbələrin təhlükəsizliyi üçün bütün profilaktik tədbirlər görülüb.
Xatırladaq ki, 1-ci ixtisas qrupunda Memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 211 abituriyent DİM-in saytında qeydiyyatdan keçib. Onu da qeyd edək ki, abituriyentlərin tapşırıqları Memarlıq ixtisası üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri və DİM-in əməkdaşları tərəfindən qiymətləndiriləcək.