Bakı Dövlət Universiteti (BDU) və “PAŞA Həyat Sığorta” ASC  arasında gənclərin peşəkar inkişafı istiqamətində tədbirlərin təşkilinə dair əməkdaşlıq sazişi imzalanıb.

 

Universitetdən bildirilib ki, saziş tərəflərin fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində birgə əməkdaşlıq məsələlərini əhatə edir, təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, BDU tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi  məqsədini daşıyır. Eyni zamanda, “PAŞA Həyat Sığorta” tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının, tələbələr üçün sınaq iş müsahibələrinin keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil olunması, “PAŞA Həyat Sığorta” əməkdaşlarının BDU-da qonaq spiker qismində çıxış etmələri,  zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi planlaşdırılır.

 

Sazişdə “PAŞA Həyat Sığorta” tərəfindən müəyyənləşdirilmiş kateqoriyalar üzrə tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, BDU tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi öz əksini tapır. Əməkdaşlıq sazişində BDU tələbələri üçün  “PAŞA Həyat Sığorta”nın təşkilatçılığı ilə şirkətin ofis binasına və ya başqa məkanlara turların, digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil edilməsi də nəzərdə tutulur.

 

Əməkdaşlıq sazişini universitetin rektoru Elçin Babayev və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri  Niyaz İsmayılov imzalayıblar.