II Qarabağ savaşı Qələbə ilə başa çatdı. Azərbaycan öz torpaqlarını dünyanın gözü qarşısında əsgərinin gücü, hərbi potensialı ilə işğaldan qurtardı. Məlum üçtərəfli bəyanat imzalandı və bu addımın davamı indi ortaya sülh müqaviləsinin qoyulmasını tələb edir. Azərbaycan sülh müqaviləsinin imzalanmasına hazırdır və Prezident İlham Əliyev bütün çıxışlarında bu məsələni dəfələrlə vurğulayır.

 

Bəs, Ermənistan? Ermənistan addımlarını yaranmış yeni vəziyyətə uyğun atırmı? Atmır!  

 

Prezident İlham Əliyevin dediklərinə diqqət edək:

 

”Biz istəyirik, Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir”.

 

Əvvəlcə baxaq, sülh müqaviləsi nə üçün lazımdır?  

 

Sülh müqaviləsinin imzalanması Azərbaycan-Ermənistan arasındakı münasibətləri sağlamlaşdırır. Sərhədlərin təhlükəsizliyinə etibarlı zəmanət verir. Bölgənin inkişafı üçün əhəmiyyətli addımların atılmasını tezləşdirir.

 

Sülh müqaviləsi hər iki xalq arasında da münasibətləri yoluna qoyur; onlara dil tapıb bir coğrafiyada yaşamaq şansını yaradır.

 

Azərbaycanın sülh üçün konkret təklifləri də var. Bunu Prezident İlham Əliyev belə əsaslandırır:

 

”Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”.

 

Ermənistanın bu əməkdaşlıqdan qazanacağı aydın şəkildə belə təhlil olunur. Azərbaycanın coğrafi mövqeyi, təbii resursları, regional üstünlüyü, beynəlxalq əməkdaşlıqda əsas rol oynayan dövlətlərdən biri olması qonşu dövlət kimi Ermənistana da qazanc vəd edir.

 

Məlumdur ki, Ermənistan təcavüzkar mövqeyi ilə uzun illər özünü bölgədə təcrid vəziyyətində saxlayıb. Nəticədə aqibəti iqtisadi gerilik, kasıb ölkəyə çevrilmək olub; Əhalisi ayrı-ayrı ölkələrə miqrasiya edib; Yaxud immiqrasiya vəziyyəti ilə üzləşib. Üstəlik, II Qarabağ savaşında uduzdu, böyük əsgər itkisi yaşadı, çox sayda hərbi texnikasını itirdi, başqa sözlə, bütün gücünü əldən verdi. Belə bir dövlətin sülh müqaviləsi məsələsində nümayiş etdirdiyi ləngliyi, qeyri-müəyyənliyi başa düşmək olmur və suallar yaranır: Ermənistan hansı imkanlarına güvənir? Yaxud kimə güvənir?

 

Bu, o deməkdir ki, Ermənistan siyasiləri nə ölkələrinin, nə də insanlarının taleyini, gələcəyini düşünür.  Əksinə, başqa xəyallar qurur və bu xəyallarla özünü sülh imkanlarından uzaqlaşdırır. Bu yerdə ortaya istər-istəməz belə bir sual da çıxır: Əgər Ermənistan sülh müqaviləsini imzalamaq istəməsə, nə baş verəcək?     

 

Prezident İlham Əliyevin məsələnin məhz bu məqamına da cavabı var:

 

“Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək”.

 

Bəli, Azərbaycan sülhpərvər imicini sona kimi qoruyub saxlayan dövlətdir. Ermənistan da sülh müqaviləsinə laqeyd münasibəti ilə, revanşist cəhdləri ilə  özünün təcavüzkar, yırtıcı, barış istəməyən imicini qoruyub saxlamaqda davam edir. Amma hara qədər-bunu zaman göstərəcək...