Azərbaycan Qurtuluş savaşına başlayaraq, öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi...

 

İkinci Qarabağ savaşı dönəmində Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu”.

 

Prezident İlham Əliyevin son müsahibəsində yada saldığı bu gerçəklik tarixin səhifələrində həmişəlik qalacaq.

 

Çünki Azərbaycan xalqı ötən ilin payızında öz torpaqları üçün bir savaşa girdi-Qurtuluş savaşına. Bu savaşın bir hissəsində əgər mübarizə hərbi-texniki imkanlarla aparılırdısa, digər hissəsində, xüsusən Şuşanın alınmasında əsgərlərimiz düşmən əsgərləri ilə üz-üzə döyüşürdü: qolunun gücü ilə, əlindəki soyuq silahla. Biz bu savaşa ona görə Qurtuluş savaşı deyirik ki, nəyin bahasına olursa-olsun, doğma torpaqları işğaldan qurtarmaq əsgərdən siravi vətəndaşadək hamının mücadiləsinə çevrilmişdi.  

 

Bu savaş özgəsinin ərazisinə təcavüz deyildi; işğal edilmiş dədə-baba torpaqlarımızın geri alınması üçün başlanan haqq mübarizəsi idi deyə, siyasi, mənəvi, psixoloji üstünlük Azərbaycanın tərəfində idi. Üstəlik, hərbi üstünlük də Azərbaycanda idi; ən son silah texnologiyası düşmənin hərbi mövqelərini sürətli şəkildə məhv etməyə inanılmaz imkanlar yaradırdı. Əsgərin döyüş ovqatı yetərincə yüksək idi. Ermənistan döyüş meydanında ilk günlərdən ona görə məğlub idi ki, qarşısında Azərbaycan xalqının qətiyyəti, Azərbaycan əsgərinin yenilməz gücü dayanmışdı. Azərbaycanın hərbi potensialı müharibə başlayan andan etibarən Ermənistana xəbərdarlıq siqnalı olmuşdu. Ermənistan siyasiləri, həm də cəmiyyəti müharibənin gedişində artıq etiraf etməyə başlamışdı ki, Azərbaycan tam müasir hərbi vasitələrlə döyüşür. Məhz bu gerçəklik dərk olunandan sonra digər rayonlarımız artilleriya hücumlarına məruz qaldı.

 

Nəyə görə?

 

Azərbaycanlılar daha artıq itki versin!

 

Dinc sakinlər qorxsun və mənzillərini, yurdlarını qoyub qaçsınlar!

 

Mingəçevir Su Elektrik Stansiyası da buna görə hədəf seçilirdi. Məlum olduğu kimi, bu təhlükənin qarşısı məharətlə alınmışdı. Ümumiyyətlə, düşmənin bu cəhdləri əks-effekt verdi. Yəni, döyüş meydanındakı məğlubiyyətinin qisasını anti-insani davranışı ilə almaq istəyən düşmən Azərbaycan xalqını daha sıx birləşdirmiş, daha da gücləndirmiş oldu...

 

Və nəticə. Nəticə Qurtuluş savaşındakı möhtəşəm Qələbədir! Tarix bütün Qurtuluş savaşlarına öz səhifələrində hörmətlə yer ayırır və bu savaşı aparan xalqın adını OLİMP ZİRVƏSİNDƏ saxlayır.

 

Vəfa