Molekulyar bioloqlar kök hüceyrələrdən beyinin miniatür oxşarını və gözün primitiv analoqunu yaradıblar. Yeni struktur insanların və heyvanların görmə orqanlarına oxşayır. Eksperimentin nəticələri “Cell Stem Cell” elmi jurnalında dərc edilib.

 

TASS informasiya agentliyi xəbər verir ki, Düsseldorf Universitetinin professoru Cey Qopalakrişnanın sözlərinə görə, beyinin miniatür bənzəri işığa reaksiya göstərən və görmə orqanındakı hüceyrə növlərindən ibarət primitiv struktur yarada bilir. Onlardan göz və beyin arasında əlaqələrin öyrənilməsində, həmçinin transplantasiya üçün tor qişa hüceyrələrinin yaradılmasında istifadə etmək olar.

 

Son on ildə alimlər embrional və ya kök hüceyrə kulturasından istifadə etməklə qaraciyərin süni analoqlarını yaratmağa dəfələrlə cəhd göstəriblər. Belə təcrübələr 2012-ci ildə Yaponiyada uğurla başa çatıb. O zaman alimlər kiçik ölçüdə süni yetişdirilmiş orqanoidlərdən istifadə etməklə siçanın qaraciyərinin bəzi funksiyalarının imitasiya edilməsinə nail olmuşdular. Onun ardınca alimlər süni qaraciyərin digər variantlarını yaratdılar və təcrübədə yoxladılar, daha sonra böyrək yaradaraq tədricən onun ölçülərini və funksionallığını artırmağa başladılar. Bütün bu təcrübələr canlıların hüceyrə kulturalarının köməyilə həyata keçirildi, çünki alimlər analoji yolla insanın süni orqanlarını yaratmağın mümkün olub-olmadığına əmin deyildilər.

 

Qopalakrişnan və onun həmkarları uzun illərdir ki, beyinə bənzəyən miniatür orqanoidin yetişdirilməsi üçün kök hüceyrələrdən istifadə edirlər. Bu, həkimlərə və bioloqlara sinir toxumasının necə yarandığını və işlədiyini öyrənməyə imkan verir.

 

Digər qrup tədqiqatçıların eksperimentləri göstərdi ki, bu yolla gözün tor qişasının analoqunu da yetişdirmək olar.

 

Sinir hüceyrələrinin bu və ya digər növlərinin inkişafının oxşar xarakteri alimləri hər iki prosesi birləşdirmək və rüşeymin sinir sisteminin hər hansı bənzərini və ya primitiv beyin yaratmağın mümkün olub-olmadığı üzərində düşünməyə yönəltdi.

 

Belə mülahizələri nəzərə alan bioloqlar genləri məcburi aktivləşdirən, kök hüceyrələrin neyronların və göz hüceyrələrinin “tədarükünə” çevrilməsinə məsul olan kimyəvi siqnallar hazırlayıblar. Bu maddələrdən istifadə edən Qopalakrişnan və onun komandası kök hüceyrəsi kulturasını emal edib və iki ay ərzində onun inkişafını izləyiblər.

 

Müşahidələrə əsasən, bu siqnal molekullarının kombinasiyası ona gətirib çıxarıb ki, təqribən bir aydan sonra orqanoidlərin səthində görkəminə və xüsusiyyətinə görə gözə aid olan ilkin struktur yaranıb. Daha iyirmi gündən sonra həmin struktur gözün primitiv analoquna çevrilib; görmə orqanının tor qişası hüceyrələrindən və digər toxumalarından ibarət struktur işığa reaksiya göstərib. Bundan başqa, bioloqlar aşkar ediblər ki, həmin strukturlarda sinir hüceyrələri biri-biri ilə əlaqə yaradıb və orqanoidin inkişaf edən digər hissələri ilə birləşməyə çalışıb.

 

Tədqiqatçılar qeyd edirlər ki, bu strukturlardan gözün yaranması prosesinin necə baş verdiyinin öyrənilməsində, habelə görmə orqanının təkamül tədqiqində istifadə etmək olar.

 

AZƏRTAC