Azərbaycan Gənclər Fondu və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının  təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri təşkil edilib.

 

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının da təmsil olunduğu səfərdə ökəmizdə fəaliyyət göstərən 20 gənclər təşkilatının 40-dək nümayəndəsi Ağdam rayonunda Pənahəli xanın imarətini, İmarət stadionunu, Cümə və Qiyaslı məscidlərini, Ağdam Dövlət Dram Teatrını ziyarət edib, Ağdam şəhərinin tarixi mədəniyyət abidələri ilə tanış olublar.

 

Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad edib, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.

 

Nümayəndə heyətinin üzvləri Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni vandalizmi, eləcə də tarixi, dini, mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov gənclərə Ağdam şəhərinin baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə bilgilər verib.