Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva avqustun 16-da rəsmi instaqram səhifəsində Kəlbəcər və Laçın rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb.

 

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

 

“Əziz həmvətənlər,

 

İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

 

Dərin hörmət və sevgilərlə,

 

Sizin MEHRİBAN”.

 

X X X

 

Kəlbəcərə gedərkən avtomobildən çəkilən videogörüntüdə Prezident İlham Əliyev deyir: Mehriban xanım Kəlbəcərin gözəl mənzərəsini çəkir və yol boyunca Azərbaycanın gözəl təbiətini seyr edirik. Əminəm ki, bu, kadrlara baxanlar üçün də çox maraqlı olacaq. Artıq Kəlbəcərin meşələri də göründü. Bildiyimiz kimi, Kəlbəcərin çox füsunkar təbiəti var – dağlar, dərələr, meşələr.

 

X X X

 

Baxın bu dağıntılara. Ermənilər Kəlbəcəri tərk edərkən buraları dağıdıblar. Bütün binaları, su elektrik stansiyalarını, hamısını dağıdıblar. Bu dağıntılar erməni vəhşiliyinin növbəti təzahürüdür.

 

X X X

 

Ermənilər tərəfindən dağıdılmış evlər. Bura Zallar kəndinin ərazisidir.

 

X X X

 

Qamışlı kəndi. Burada bizim enerji infrastrukturumuz yaradılıb və bu yüksəkgərginlikli xətlər bu yaxınlarda çəkilib.

 

Bu asfalt yolu da ermənilər Basarkeçərdən çəkiblər. Kəlbəcərə getmək üçün Laçın dəhlizinə alternativ bir yol çəkmişdilər. Görün, gözəl də yoldur. İndi biz bu yoldan istifadə edirik. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna ciddi etiraz etmişdir. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət saymaq olar.

 

X X X

 

Onlar üçüncü yolu da Cəbrayıldan salmaq istəyirdilər. O da yarımçıq qaldı. Onların arzuları gözlərində qaldı.

 

Bizim evlər - azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış evləri. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.

 

X X X

 

Biz indi “Kəlbəcər-1” Su Elektrik Stansiyasının yerinə gəlmişik.

 

X X X

 

Bura da “Kəlbəcər” yarımstansiyasıdır. Qısa müddətdə - cəmi altı ay ərzində inşa edilib və Kəlbəcəri elektrik enerjisi ilə təmin edəcək.

 

X X X

 

İndi biz Laçın rayonuna gedirik. Sonra Kəlbəcər şəhərinə gedəcəyik. Yolumuz Laçın rayonunadır. Hava limanının təməlini qoyacağıq.

 

Birinci xanım Mehriban Əliyeva: Bu yol təzə yoldur? Yoxsa olub bu yol?

 

Prezident İlham Əliyev: Yox, bu, olub. Kəlbəcər-Laçın yolu da təbii ki, ən yüksək səviyyədə yenidən qurulacaq. İndicə təməlini qoyduğum hər iki tunel bu yolu daha da rahat edəcək. Bu da sovet vaxtında inşa edilmiş məşhur tuneldir. Burada göstərilir - inşası 1958-ci ildə başlamışdır, uzunluğu cəmi 200 metrdir. Bizim inşa edəcəyimiz tunellər isə 11 kilometr, 5 kilometrdir. Bax, bu gün Azərbaycan buna qadirdir. Bu isə köhnədən qalan Kəlbəcərlə Laçını birləşdirən yeganə yoldur. Artıq tunel işıqlandırılıb. Ermənilər Kəlbəcər və Laçını tərk edərkən bu tuneli partlatmaq istədilər. Görün, bu adamlar nə qədər məkrli hisslərlə yaşamışlar. Baxın bu hissəyə, buranı partlatmaq istədilər, amma alınmadı. Qaça-qaç idi, tələsirdilər.

 

Azərbaycanın gözəl mənzərələri. Kəlbəcər və Laçın rayonları təbiət nöqteyi-nəzərdən ən gözəl rayonlardandır. Ermənilər təbiətimizə nə qədər ziyan vursalar da, onu tam məhv edə bilmədilər.

 

X X X

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva arıçılarla görüşüb söhbət etdilər.

 

Arıçılar: Azərbaycanda arı ailələri iki dəfədən çox artıb.

 

Prezident İlham Əliyev: Bizim balımız da çox keyfiyyətlidir. İndi Kəlbəcər balı yəqin ki, bütün digər yerlərdən daha da keyfiyyətli olacaq. Ona görə gərək həm daxili bazarı təmin edəsiniz, həm də ki, ixrac edəsiniz. Göstərməyə bir şey var?

 

Arıçı: Göstərməyə bəli var. Mən indi bir arı papağı verəcəyəm.

 

Prezident İlham Əliyev: Onlar bilirlər biz kimik, bizə dəyməzlər. Bu, baldır?

 

Arıçı: Bəli, baldır, əsl Kəlbəcər balıdır. İcazə versəydiniz, bunlardan Sizə iki dənə hədiyyə verərdim.

 

Prezident İlham Əliyev: İki dənə çoxdur, yox. Bir dənə bəsdir. Biz Kəlbəcər balından da dadarıq. Hazırdır da bu?

 

Arıçılar: Bəli, artıq hazırdır. Biri budur, birini də başqa yeşikdən taparam.

 

Prezident İlham Əliyev: Yox, biri bəsdir. Bir dənə bəsdir dadmaq üçün.

 

Birinci xanım Mehriban Əliyeva: Bir dənə bəsdir.

 

Arıçılar: Vuracaq indi.

 

Prezident İlham Əliyev: Yox, bizə dəyməz, o, bilir ki, biz kimik. Sizdən başqa da arıçılar var?

 

Arıçılar: Var, başqa arıçılar da var. Pilot layihə kimi 5 arıçı gəldi. Sonra başqa arıçılar gəldilər. Qoy bir dənə də çıxarım.

 

Prezident İlham Əliyev: Yox, yox bəsdir.

 

Birinci xanım Mehriban Əliyeva: Orada arı qalıb üstündə.

 

Arıçı: Bu, tam möhürlü olmadı, istəyirəm tam möhürlüsünü verim.

 

Prezident İlham Əliyev: Yox, elə bu, kifayətdir.

 

Birinci xanım Mehriban Əliyeva: Orada arılar var. Çəkirəm.

 

Prezident İlham Əliyev: Gəlin birlikdə şəkil çəkdirək.

 

Sağ olun. Mən bütün köçkünlərə söz vermişdim ki, onları dədə-baba yurduna qaytaracağam.

 

Arıçılar: Biz inanırdıq, ona görə ki, biz Sizə inanırdıq, xalqımıza inanırdıq, şəhidlərimizə inanırdıq. Bizim təsərrüfatımızın builki məhsulunun 20 faizi şəhid ailələrinə yönəldiləcək.

 

Prezident İlham Əliyev: Çox yaxşı. Yəqin ki, təsərrüfatınızı getdikcə genişləndirəcəksiniz.

 

Arıçı: Bəli genişləndirəcəyik. Çünki tək Kəlbəcər yox, ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlar arıçılıq üçün böyük yem bazasıdır. Ermənilərin böyük təsərrüfatları var idi burada və ixracla məşğul idilər.

 

Prezident İlham Əliyev: Sovet vaxtında da Kəlbəcərdə arıçılıq inkişaf etmişdi.

 

Arıçılar: Kəndin özündə olub sovet vaxtında. Sovet İttifaqında Kəlbəcər balının adı çıxmışdı. Bu adı inşallah, özünə qaytaracağıq.

 

Prezident İlham Əliyev: Ermənilər çox qanunsuz işlər görüblər, təbiətimizi məhv ediblər, istismar ediblər.

 

Arıçı: Ata-babalarımızın kökü buradadır, atamın qəbri buradadır. Kəlbəcərdə heç vaxt erməni yaşamayıb.

 

Prezident İlham Əliyev: Bilirəm, heç vaxt. Amma sonra Kəlbəcəri özününküləşdirmək istədilər, adını dəyişdirməyə çalışdılar. Biz də gəldik, dərsini verdik, torpağımızı geri aldıq.

 

Arıçılar: Çox sağ olun. Təşəkkür edirik.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, uğurlar sizə. Çox sağ olun.

 

Prezident İlham Əliyev: Bütün qohum-qardaşlara salam deyin.

 

Arıçılar: Allah Sizi bu xalqımıza çox görməsin. Sağ olun.

 

X X X

Kəlbəcər şəhərinə yaxınlaşırıq. Bir neçə dəqiqədən sonra Kəlbəcər şəhərində olacağıq.

 

X X X

Artıq Kəlbəcər şəhərindəyik, şəhərin girəcəyindəyik. Bax, bunlar vəhşi ermənilərin əməlləridir. Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar.

 

X X X

Kəlbəcər şəhəri. Yolun sağında da, solunda da bir dənə salamat bina yoxdur. Baxmayaraq ki, ermənilərin bir hissəsi Kəlbəcər rayonunda qanunsuz məskunlaşmışdılar. Ancaq azərbaycanlılara məxsus olan bütün evləri yerlə-yeksan ediblər. Bax, indiki Kəlbəcər şəhəri budur. Biz Kəlbəcər şəhərini də, kənləri də yenidən quracağıq. Bax, bütün evlər dağılmış vəziyyətdədir.

 

X X X

İndi isə biz İstisuya gəldik. İstisu sanatoriyasının dağılmış görüntüləri gözümüzün önündədir. Vəhşi düşmən buranı da söküb. Baxın, nə günə qoyub sanatoriya korpuslarını.

X X X

Bu abidə sülhü tərənnüm edirdi. Vəhşi düşmən bunu da sökübdür. Onu da söküb, bu binanı da söküb, hər tərəfi söküb. Biz bütün yerləri yenidən bərpa edəcəyik, yenidən həyat qayıdacaq.

 

X X X

 

Səma bizi yola salır, biz də Ömər aşırımına yaxınlaşırıq, qayıdırıq.

 

X X X

Heyvandarlar da Kəlbəcər yaylaqlarına qayıdıblar. Həm arıçıları, həm heyvandarlıqla məşğul olanları biz qaytarmışıq. Görürsünüz, onlar məskunlaşıblar. Qoyunları da burada otarırlar. Bu ənənə də bərpa edildi. İşğaldan əvvəl heyvandarlar həmişə buraya gəlirdilər. İndi bizi salamlayırlar. Biz də onları salamlayırıq. Xoş gəliblər öz Vətənlərinə.