Avrasiya Universitetlər Birliyinin (EURAS) nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.

 

ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev nümayəndə heyətinə ali məktəbin tarixi, inkişafı, müasir dövrdə fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılan ali tədris ocağı özündə bir əsrə yaxın tarixi əhatə edir.

 

Prorektorun sözlərinə görə, hazırda 7 mindən çox tələbənin təhsil aldığı ATU-nun 6 fakültəsi fəaliyyət göstərir: “Tədris sistemində ciddi dəyişikliklər aparılır, proqramlar digər ölkələrdəki universitetlərin proqramları ilə uyğunlaşdırılır ki, gələcəkdə tələbələrimiz rotasiyalarda çətinlik çəkməsinlər. ATU, həmçinin xarici tələbə sayına görə də seçilir. Belə ki, universitetimiz xarici tələbə sayına görə ölkədə 1-ci yerdədir. Hazırda 30 ölkədən 2300-dən çox xarici tələbə təhsil alır”.

 

S.Əliyev qonaqlara, həmçinin ATU-nun dörd klinikası - Tədris Stomatoloji, Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının  fəaliyyəti haqqında da məlumat verib. Qeyd edib ki, hər cür şərait yaradılan bu klinikalarda tədris treninq mərkəzləri, kompüter zalları, dərs otaqları, müasir texnologiyalarla təchiz olunmuş əməliyyatxanalar mövcuddur. Klinikalarla yanaşı, universitetin 6 tədris binası, inzibati binası, 6 tələbə yataqxanası, böyük idman kompleksi, Nabranda yerləşən "Təbib" istirahət mərkəzi var.

 

Prorektor Azərbaycanın tarixində yaşanan əlamətdar hadisə - torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müharibə haqqında da danışaraq bu əməliyyatlarda ATU-nun hərbi fakültəsinin məzunlarının xüsusi fədakarlıq və qəhrəmanlıq göstərdiyini vurğulayıb.

 

Nümayəndə heyətinin rəhbəri, Avrasiya Universitetlər Birliyinin baş katibi, həmçinin İstanbul Aydın Universitetinin beynəlxalq əlaqələr departamentinin məsul katibi doktor Səbinə Hüseynova təmsil etdiyi qurum haqqında məlumat verib. O, Avrasiya Universitetlər Birliyinə 55 ölkədən 125 universitetin üzv olduğunu, bu məktəblərin hər birinin qurumun fəaliyyətində aktiv iştirak etdiyini, müxtəlif tədbirlər, elmi toplantılar və müzakirələrin təşkil olunduğunu  bildirib.

 

S.Hüseynova 41 min tələbəsi, böyük kampusları, tibb fakültəsi olan İstanbul Aydın Universitetinin  ATU ilə əlaqələrinin inkişafına ehtiyac olduğunu bildirib. İki universitet arasında əməkdaşlığa dair sazişin mövcudluğunu xatırladan S.Hüseynova bu sənəd əsasında görüləcək işlərin gücləndirilməsini vacib  sayıb.

 

Görüşdə ATU-nun Avrasiya Universitetlər Birliyinə üzvlük məsələsi də müzakirə olunub.

 

Sonda nümayəndə heyətinin üzvləri ATU-nun Tədris Cərrahiyyə Klinikasını ziyarət ediblər. Klinikanın direktoru, professor Surxay Hadıyev burada tədris prosesinin gedişi və pasiyentlərin keyfiyyətli müalicəsi üçün yaradılan şəraitlə qonaqları tanış edib.