Cavid Misirli: “Təhsil texnologiyalarının kadr hazırlığı işinə mühüm töhfə verəcəyini düşünürəm”
Məlumdur ki, qloballaşan dünyada dinamik inkişaf edən təhsil sisteminin formalaşdırılması hər bir ölkənin beynəlxalq rəqabətliliyinin təmin olunmasını gücləndirən həlledici faktorlardan birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsil sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, bu proqramın həyata keçirilməsi gənclərə həm elmi tədqiqatlarla məşğul olmaq, həm də təhsildə fasiləsizlik prinsipini gerçəkləşdirmək baxımından əlavə imkanlar yaradır. Dövlət Proqramına müraciət edən, proqramın verdiyi imkanlardan yararlanaraq öz tədqiqatçılıq səriştə və bacarıqlarını daha da təkmilləşdirmək, ali təhsilimizin inkişafına töhfə vermək arzusu ilə yaşayan gənclərdən biri də “2019-2023 Dövlət Proqramı” çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinin “Kompüter elmləri” ixtisasında PhD (doktorantura) təhsili alan Cavid Misirlidir.
Tanıtım. 1991-ci ildə Bərdə rayonunda anadan olub. Orta təhsilini Bərdə rayonu 8 nömrəli tam orta məktəbdə alıb. 2014-cü ildə Qafqaz Universitetini “Kompüter mühəndisliyi” ixtisası üzrə bakalavr, 2017-ci ildə Bakı Mühəndislik Universitetini eyniadlı ixtisas üzrə magistr təhsilini fərqlənmə ilə bitirib. 2016-2017-ci tədris ilində “Erasmus+KA1” mübadilə proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetində magistratura təhsili alıb. 2017-ci ilin sentyabrından Bakı Mühəndislik Universitetində Kompüter və informasiya texnologiyaları kafedrasında müəllim vəzifəsində çalışır. 2019-cu ilin 7-12 iyul tarixlərində İtaliyanın Rocca Sinibalda qəsəbəsində “Google” şirkətinin təşkil etdiyi “BUCA 2019” yay məktəbində iştirak edib. 2019-cu ilin noyabr ayından “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinin “Kompüter elmləri” ixtisasında doktorantura təhsili alır.
- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” sizin üçün nə kimi imkanlar açdı, proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- “2019-2023 Dövlət Proqramı” hər bir gəncin arzusunda olduğu dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı yaratdı. Bu proqram elmi tədqiqatla bağlı fəaliyyətimi İtaliyanın yüksək reytinqli universitetlərindən biri olan Roma Sapienza Universitetində davam etdirməyimdə böyük rol oynadı. Proqramın azərbaycanlı gənc alimlərin yetişdirilməsində və gələcəkdə ölkənin akademik yöndə kadr çatışmazlığının minimuma endirilməsində böyük əhəmiyyəti olacağını düşünürəm.
Hər bir universitetin elmi dərəcəsi olan gənc və dünya təcrübəsinə malik kadrlara ehtiyacı var. Bu səbəbdən Dövlət Proqramının müstəsna əhəmiyyət vardır. Dövlət Proqramının yaratdığı imkanlarla hər bir gənc xaricdə təhsilini bitirib ölkəmizin gələcək təhsil inkişafında mühüm rol oynaya bilər.
- Seçdiyiniz ixtisas barədə məlumat verərdiniz. Doktorant olaraq hansı mövzu üzərində işləyirsiniz? Bu mövzu sizin üçün nə dərəcədə maraqlıdır?
- Seçdiyim ixtisas kompüter elmləridir. Doktorantura təhsilimdə “Duman hesablama (fog computing) əsaslı əşyaların internetində avtomatik uyğunlaşma” mövzusu üzərində işləyirəm. Maşın öyrənmə üsullarından biri olan “reinforcement model” vasitəsilə biz duman nöqtələrinin (fog nodes) enerji sərfiyyatı və xidmətlərin gecikməsinin azaldılmasına nail ola bilərik. Son zamanlar əşyalar internet sistemində artıq yüklənmənin nəticəsi olaraq real vaxt rejimində avtomatik qərarların verilməsi ilə səmərəliliyin artırılması tədqiqatçıların əsas istiqamət sahəsi olmuşdur. Avtomatik uyğunlaşa bilən tətbiqlərin müşahidə edilməsində, analizində, planlaşdırılmasında və icra edilməsində hələ də çətinliklər qalmaqdadır. Mövcud çətinlikləri nəzərə alaraq bu sahədə tədqiqat işi aparmağa ehtiyac duydum.
- Tədqiqatlarınızın tərəfdaş ali təhsil müəssisəsi, ümumiyyətlə təhsilimiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Yerli ali təhsil müəssisələrində xarici təcrübəyə malik akademik kadrların cəlb olunması ilə elmi tədqiqatların inkişafına böyük töhfə verəcəyini və xüsusilə, orada əldə edilmiş tədris metodikasının tətbiqi və universitet əməkdaşlarının tədqiqatlara cəlb olunmasında motivasiya olacağını düşünürəm. Bundan əlavə, universitetin magistr və doktorantlarının xarici jurnallarda məqalə dərc etdirməsinə vəsilə ola bilər. Həmçinin, tədqiqatlarımın mövcud tələblərə əsasən tələbələrin universitetin elmi-praktik fəaliyyətində iştirakının təmin edilməsinə səbəb ola biləcəyini düşünürəm.
- Təhsil aldığınız universitetdə hazırda tədris prosesi necə təşkil olunub? Pandemiya dərslərinizə və tədqiqatlarınıza necə təsir edir?
- Pandemiya başladığı gündən təhsil aldığım universitetdə tədris prosesi onlayn şəkildə təşkil olunur. Bakalavr və magistr pillələri üzrə tədris onlayn və üz-üzə təşkil edilir. Lakin doktorantlara xüsusi icazələrlə universitet laboratoriyalarında işləmələrinə icazə verilir. Pandemiya ilə əlaqədar universitet rəhbərliyi dərslərin və tədqiqat işlərinin daha effektiv şəkildə təşkilinə nəzarət etməyə çalışır. Buna baxmayaraq, pandemiya, ümumilikdə, tədrisin keyfiyyətində qismən də olsa öz təsirini göstərir. İmtahanlar isə həm ənənəvi, həm də onlayn şəkildə təşkil edilir.
- İtaliyada pandemiyadan sonrakı dövrdə universitetlərin gələcək vizyonunu necə görürlər? Təhsil texnologiyaları ali məktəblərdə mütəxəssis hazırlığına necə təsir göstərəcək?
- Universitetdə hazırda mərhələli şəkildə tədrisin bərpası təmin edilib. Gələcəklə bağlı universitetlər istər əyani, istərsə də onlayn şəkildə daha keyfiyyətli dərslərin təşkili üçün işlər görməkdədir. Pandemiyanın təsiri ilə həyata keçirilməmiş bəzi layihələrin tələbələrin bilik və bacarıqlarının artırılması üçün daha effektiv şəkildə tətbiqinə töhfə verə biləcək işlərin aparılması planlaşdırılır. Hazırkı dövrdə istər təhsil, istərsə də digər sahələrdə texnologiyanın sürətli inkişafı özünü müsbət tərəfdən göstərməkdədir. Bu baxımdan təhsil texnologiyalarının ali təhsil müəssisələrində kadr hazırlığı işinə mühüm töhfə verəcəyini düşünürəm.
- Hazırda kompüter elmləri və informatikanın əhəmiyyətinin artmasını necə qiymətləndirirsiniz? İndiki şagirdlər gələcəkdə uğurlu olmaları üçün hansı bilik və bacarıqlara sahib olmalı, hansı fənlərə daha çox diqqət yetirməlidirlər?
- Kompüter elmləri sahəsi hər gün yenilənməkdədir. Günün tələbatına uyğun olaraq yeni biliklərin qazanılmasında şagirdlərimiz fəal iştirak etməli və daim yeniliklərlə tanış olmalıdırlar. Onların gələcəkdə peşəkar şəkildə yetişməsi üçün istər təhsil müəssisələrində, istərsə də fərdi şəkildə biliklərinin artırılması önəmlidir. Bu sahədə yeni texnoloji məlumatların sürətlə dəyişməsi səbəbi ilə ən son trend olan və daha çox tələb olunan biliklərin öyrənilməsi onların daha çox uğurlu olmalarının əsas açarlarından biridir.
- Gələcək hədəfləriniz barədə...
- Əsas hədəfim doktorantura təhsilimi uğurla bitirib ölkəmizə qayıtmaq, əldə edəcəyim elmi bilikləri Azərbaycanda tətbiq və tədris etməklə təhsilimizin inkişafına töhfə vermək və informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin universitetin elmi fəaliyyətinə cəlb olunmasında yaxından iştirak etməkdir. Hər kəsə gələcək təhsil və peşəkar karyerasında uğurlar arzulayıram.
Oruc MUSTAFAYEV