“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlanıb. Müsabiqənin qalibləri arasında Füzuli rayon 27 nömrəli tam orta məktəbin direktoru Sahirə Məmmədova da var. Onun “Füzuli məktəblərinin-l STEAM məktəbi" mövzusunda təqdimatı yer qazanıb.

       

Təhsil şöbəsindən verilən məlumata görə,  rayonun  Qayıdış qəsəbə 5 nömrəli tam orta məktəbinin direktoru, rus dili və ədəbiyyatı müəllimi Təranə Məhərrəmovanın "Kəndimizə sağ qayıdaq" layihəsi də “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olub.  Layihənin hazırlanmasında əsas məqsəd 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış ərəfəsində yarana biləcək mina təhlükəsi ilə bağlı mümkün neqativ halların aradan qaldırılması üçün şagirdlər, valideynlər, təhsil işçiləri və məcburi köçkünləri maarifləndirməkdir.

         

Kürdmahmudlu kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini, biologiya müəllimi, Qabaqcıl Təhsil İşçisi Maya Əhmədovanın  "Kənd məktəblərində təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması" layihəsi də bu qrant müsabiqəsinin qalibidir. Layihənin əsas məqsədi məsafədən təhsilə qoşula bilməyən kənd məktəblərində təhsilalanlar üçün distant təhsilin əlçatanlığını təmin etməkdir.

 

Şakir CƏFƏROV