Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası (TÜBİTAK) Azərbaycan və Türkiyə alimlərini birgə beynəlxalq qrant müsabiqəsinə elmi-tədqiqat layihələri verməyə  dəvət edir.

 

Elmin İnkişafı Fondundan bildirilib ki, 2-ci Azərbaycan-Türkiyə (“AzTürk-2”) beynəlxalq qrant müsabiqəsinin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

 

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 300 min manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək. Layihələr noyabrın 5-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır.

 

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulur. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) yerləşdiriləcək. Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

 

Azərtac