Azərbaycan Texnologiya Universitetində (UTECA) “PROGRO” - Peşəkar İnkişaf və İnnovasiyalar Platformasının təkilatçılığı ilə “Azərbaycanda karyera” mövzusunda təlim keçirilib. 

 

PROGRO platforması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazlirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə əməkdaşlığı ilə yaradılıb. Platformanın məqsədi Azərbaycanda əmək bazarının müasir tələblərinə və gələcək perspektivlərinə cavab verən peşəkar, səriştəli gənclər yetişdirmək, eləcə də onların uzun müddətli məşğulluğu və özünüməşğulluğuna xidmət etməkdir.

 

Təlimdən əvvəl PROGRO Platformasının Gəncə mərkəzinin koordinatorları, eləcə də tanınmış biznes konsultant, peşəkar idarəçi və təlimçi Fəxri Ağayev universitet rəhbərliyi ilə görüşüb. 

 

Azərbaycan Texnologiya Universitetinin rektor səlahiyyətlərini müvəqqəti icra edən dosent Yaşar Ömərov PROGRO platformasının UTECA ilə əməkdaşlığının tələbə və məzunlar üçün yaxşı fürsət olduğunu qeyd edib, gənclərin bu fürsəti dəyərləndirmələrinin vacibliyini vurğulayıb.

 

Təlimçi F.Ağayev iş dünyasında Azərbaycan gəncliyinə dəstəyindən danışaraq bildirib ki, məqsədi məzunların iş əlçatanlığını asanlaşdırmaq, onlarda özünüinkişaf vərdişlərini formalaşdırmaq, biznes, peşəkarlıq və karyeraya gedən yolun qət edilməsi üsullarını öyrətməkdən ibarətdir. O, rəhbərlik etdiyi “Sahibkarlar klubu” ilə universitetin ələqələrini yaratmaq üçün əməkdaşlıq niyyətində olduğunu da qeyd edib.   

 

Daha sonra UTECA-nın ev sahibliyi etdiyi “Azərbaycanda karyera” mövzusuna həsr edilmiş təlim pandemiya qaydaları tam gözlənilməklə reallaşıb. 

 

Təlimçi F.Ağayev əmək bazarında peşəkar işçi profilini formalaşdırmaq üçün vacib olan məqamlar və işaxtaran gənclərə iş mühitində tələb edilən əsas keyfiyyətlər barədə məlumat verib.

 

Sonda təlimçi gənclərin suallarını cavablandırıb.