Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində səfərdə olub.

 

AzTU-dan bildirilib ki, QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov  müəssisədə yaradılan iş şəraiti, hasilat və istehsalat prosesi barədə ətraflı məlumat verib, qiymətli metalların ixracı nəticəsində şirkətin ölkə iqtisadiyyatına töhfələrindən bəhs edib.

 

Səfər çərçivəsində AzTU rəhbərliyi Səhmdar Cəmiyyətin fəaliyyətini əks etdirən videotəqdimatı izləyib, emal müəssisəsində həyata keçirilən mürəkkəb və çoxmərhələli istehsalat fəaliyyəti ilə əyani şəkildə tanış olub. Nümayəndə heyəti, həmçinin Absorbsiya-Desorbsiya və Emal Zavodunda olub, metal tökümü və xəlitələrin hazırlanması prosesini izləyib. Daha sonra ÇİRES ərazisində yerləşən Geoloji düşərgədə kernlərin (süxur nümunələrinin) saxlanma anbarına baxış keçirilib.

 

AzTU rektoru V.Vəliyev dağ-mədən sahəsində müvafiq ixtisaslar üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi  baxımından birgə əməkdaşlığın kifayət qədər faydalı olduğunu diqqətə çatdırıb.

 

Xatırladaq ki, 12 yanvar 2021-ci il tarixində “AzerGold” QSC və AzTU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq sənədində qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulub. Bundan başqa, universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin şirkətin istehsalat təcrübəsinə cəlb olunması memorandumda öz əksini tapıb. Həmçinin istehsalat təcrübəsində fərqlənmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom, elmi işlər, digər tədqiqat layihələri üçün tələb edilən mövzuların  tərtibi və.s istiqamətlərdə birgə əməkdaşlıq nəzərdə tutulub.