Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunlarına diplomların təqdimolunması mərasimi keçirilib.
Məzunlarla görüşən UNEC-in rektoru, professor Ədalət Muradov hər iki universitetdə qazandıqları bilik və bacarıqların onların gələcək fəaliyyətlərində və karyeralarında faydalı olacağından əminliyini ifadə edib. Rektor bu il Montpellier Universitetinin ikili diplom proqramından 18 tələbənin məzun olduğunu, ümumilikdə isə 2018-ci ildən start verilən proqramda 46 tələbənin uğurla iştirak etdiyini bildirib. Xarici universitetlərdə tətbiq olunan yeniliklərin və beynəlxalq təcrübənin ölkəmizə gətirilməsində bu gənclərin önəmli rol oynaya biləcəklərini diqqətə çatdırıb.
UNEC-də xarici ölkələrin aparıcı universitetləri ilə bakalavr və magistr təhsili üzrə 8 ikili diplom proqramı reallaşdırıldığını deyən rektor qısa zamanda iki yeni ikili diplom proqramına start veriləcəyini və proqramların sayının daha da artırılacağını bildirib.
Sonra məzunlar UNEC ilə Montpellier Universitetindəki təhsilin oxşar və fərqli tərəflərindən danışıb, hər iki universitetin tədris prosesi, biliyin qiymətləndirilməsi, müəllim-tələbə münasibəti, akademik mühit barədə fikirlərini bölüşüblər.
Çıxışlardan sonra məzunlara Montpellier Universitetinin diplomları təqdim olunub.