Bakı Dövlət Universiteti ilə (BDU) ABŞ-ın Linkoln Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında magistratura pilləsində “Biznesin təşkili və idarə edilməsi” (MBA) ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramı həyata keçirilir.

 

Universitetdən bildirilib ki, proqram çərçivəsində iqtisadi və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif və effektiv həll etmək bacarıqlarına malik mütəxəssislər hazırlanacaq. İxtisaslaşma üzrə tədris prosesinə hər iki universitetin bu sahə üzrə ixtisaslaşmış professor-müəllim heyəti cəlb olunacaq.

 

Magistrantlar idarəetmə iqtisadiyyatı, biznes strategiyası və qərarqəbuletmə, maliyyə menecmenti, əməliyyatların idarəolunması kimi sahələr üzrə dünya elminin son nailiyyətlərindən bəhrələnəcək, 21-ci əsrin yüksək rəqabətli qlobal iş mühitində kritik problemləri innovativ üsullarla həll etmək, qərar qəbul etmək və strateji idarəetmə bacarıqlarına malik mütəxəssis kimi yetişəcəklər.

 

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında BDU dünyanın 4 qabaqcıl universiteti ilə beynəlxalq ikili diplom proqramları üzrə müqavilərlər imzalayıb və ölkəmizdə ilk dəfə olaraq 2 ixtisas üzrə üçlü diplom proqramlarının həyata keçirilməsi üzrə razılıq əldə edib.