Valeriya Kovalyova: “Bal rəqslərinə həvəsim erkən yaşlarımda yaranıb”


Nə az, nə çox, düz 11 ildir ki, Valeriya  Kovalyova Bakıdakı 3 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzində rəqsin ən maraqlı və mürəkkəb növü olan  bal rəqsinin sirlərinə dərindən yiyələnir. Özünün söylədiyinə görə o, rəqsin bütün növlərinin, demək olar ki, mahir ifaçısıdır,  ancaq bal rəqsi lap uşaqlıq illərindən onun hobbisi olub. Televiziya kanallarında bal rəqsi ifa edən  cütlükləri görən kimi  o da öz kuklasını qucağına alıb və onlarla bərabər həmin rəqsi  evdə ifa edib. Bunu görən valideynləri sevimli qızlarını  mərkəzə gətiriblər və  rəhbərlikdən xahiş ediblər ki, Valeriyanın  istedad və bacarığını, məharətini nəzərdən keçirsinlər. Mərkəzin müəllimi Məryəm Quliyeva  əvvəlcə Valeriya ilə rəqs barədə söhbət edib, nə üçün  məhz rəqsin bu növünü seçdiyi ilə maraqlanıb. O, cavabında bildirib ki, rəqsin bütün növlərini sevir, xüsusilə milli rəqslərimizi, ancaq bal rəqsi onun  vahid seçimidir. Təbii olaraq Məryəm müəllim həvəskar qızcığazı ruhlandıraraq  bal rəqsinin üstün, eyni zamanda  maraqlı cəhətləri barədə ətraflı məlumat verib və onu öz dərnəyinə  üzv yazıb.

 

Məryəm Quliyeva rəqsin bu növünü öz yetirməsinə  daha böyük coşqu ilə sevdirməyə nail olub, həm də  onu  bu illər ərzində gərgin zəhmət bahasına  mahir bal rəqsi ifaçısına  çevirə bilib.  Valeriyanın ötən bu illər ərzində qazandığı uğurların sayı  artıq kifayət qədərdir. Mərkəzin qatıldığı elə rəqs müsabiqəsi olmayıb ki, Valeriya orada iştirak edənlər sırasında  öncüllərdən olmasın və uğur qazanmasın.

 

Artıq mərkəzin fəxri üzvü statusunu qazanan rəqqasəyə, “Uğurların barədə oxucularımıza ən çox hansı məqamları çatdırmaq  istərdin?” sualıma Valeriya belə cavab verdi: “Danışmağa utanıram. Müəllimimdən soruşun”.

 

Məryəm müəllim bizim söhbətimizin iştirakçısı və öz yetirməsinin təvazökarlığına yaxından bələd olduğu üçün  xoş bir təbəssüm nümayiş etdirdi, sonra isə, eyb etməz, mən danışaram, deyib, Valeriyanın bal rəqsi müsabiqələrində imza atdığı nailiyyətlər barədə  yaddaşını  vərəqləyib  qısa da olsa əsas məqamları  söyləyə bildi.

 

Müxtəlif vaxtlarda beynəlxalq yarışlara  qatılaraq  qələbə əldə edib. Belə ki,Valeriya Gurcustanda  keçirilən “World Open Tournament Batumi Open-2014” müsabiqəsində III,  2016-cı ildə İdman bal rəqsləri uzrə Bakı şəhər çempionatında I yerlərə layiq görülüb. Bolqarıstanda keçirilən festivalda istirak edərək fəxri fərmanla geri dönüb. 2018-ci ildə isə  idman bal rəqsləri üzrə Azərbaycan Kubokunda I, “Olkə cempionatı-2019”-da  II yerləri tutub. “Azərbaycan Fristayl Kuboku-2019” uğrunda Azərbaycan çempionatında I yerə, eyniadlı növbəti yarışmada gümüş medala layiq görülüb.

 

Valeriya Kovalyova Heydər Əliyev Fondunun “Buta Palace”da keçirdiyi bütün tədbirlərə dəvətli olur və hər dəfə də Mərkəzin kollektivinə sevinc bəxş edir. İstər ölkədaxili, istərsə də beynəlxalq rəqs yarışmalarında qazandığı nailiyyətlər isə onun uğur hekayəsinin əsasında dayanır və sənətin zirvəsinə doğru aparan yüksəliş yoluna işıq salır.

 

Sifai SƏFƏROVA