Bakı Dövlət Universitetinin (BDU) bir qrup nümayəndəsi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Şamil Nəcəfovun ailəsini və məzarını ziyarət ediblər.

 

Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov və Tələbə Gənclər Təşkilatının üzvləri iştirak ediblər.

 

Tələbələr Şamil Nəcəfovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. BDU-da təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Şamilin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı ifadə edilib.

 

Məlumat üçün bildirək ki,  Vətən müharibəsində BDU-nun onlarla məzunu iştirak edib, onlardan 18 nəfəri şəhidlik zirvəsinə ucalıb. BDU-da şəhidlərin xatirəsinin uca tutulması,  şəhid məzunların ailələrinə diqqət və qayğı göstərilməsi, qazi tələbələrin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq dəstəyin göstərilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına uyğun olaraq şəhid məzunların ailələri müntəzəm ziyarət edilir.