Beynəlxalq müsabiqələr qalibi, istedadlı gənc pianoçu Ayla Kəlbiyevanın “Məhəbbət əfsanəsi” adlı solo konserti  keçirilib. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 

Bu il Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının  şagirdi Ayla Kəlbiyeva  Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində də vokal dərsləri alır. Gənc istedad  solo konsertini Şəhidlər Xiyabanında uyuyan İlham və Fərizənin xatirəsinə  həsr edib. Solo konsertdən əvvəl İlham və Fərizənin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 13 yaşlı Ayla solo konsertində, azyaşlı olmasına baxmayaraq, böyük ürəyi və incə barmaqları ilə əfsanəyə dönmüş məhəbbət tarixindən  bəhs edib. Konsertdə gənc pianoçunun çıxışı, zalın tərtibatı, yanan şamlar, yerə səpilən qızılgül ləçəkləri tamaşaçılara kövrək anlar yaşadıb. Ayla Kəlbiyeva F.Mendelsonun “Sözsüz mahnısı isə tamaşaçıları  heyran edib.  Milli və dünya  bəstəkarlarının əsərlərini yorulmadan öyrənən Ayla F.Listin “Loreleya” əsəri ilə tamaşaçılara Reyn çayı sahilində Lora və onun zadəgan sevgilisinin nakam məhəbbətindən söz açıb.  Həmin gün Aylanın ifasında tədbir iştirakçıları F.Şopenin “Vals”ını da heyranlıqla dinləyiblər.

 

Tədbirdə  şagirdinin uğuruna  sevinən   Xalq artisti Fidan Hacıyeva Ayla ilə qürur duyduğunu  bildirib.  Sonda isə Aylaya rəhbərlik etdiyi Musiqi Məktəbinin tərifnaməsini təqdim edib.

                                                                 

Sifai SƏFƏROVA