Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Dövlət Gömrük Komitəsinin Akademiyasında olub.

 

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təhsil ocağının yaranması və fəaliyyəti barədə məlumat verib.

 

Bildirilib ki, Gömrük Akademiyasında 5 ixtisas üzrə mütəxəssislər yetişdirilir. Tədris müasir metodologiya və dərs vəsaitləri hesabına aparılır, tələbələrin dil bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda Akademiyada gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin gücləndirilməsi və sahəvi biliklərinin artırılması məqsədilə davamlı şəkildə təlimlər keçirilir.

 

Q.Novruzov onu da bildirib ki, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təhsildə müasir yanaşmaların, ən son yeniliklərin tətbiqinə, təcrübə və tələbə mübadiləsinə xüsusi önəm verən Gömrük Akademiyası dünyanın tanınmış ali təhsil ocaqları ilə işgüzar əlaqələr qurulması sahəsində mühüm addımlar atır.

 

Özbəkistan gömrük orqanları və bu ölkənin gömrük sahəsində ixtisaslaşan ali təhsil ocaqları ilə əlaqələrdən də danışan Q.Novruzov qarşılıqlı münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Özbəkistan səfiri Bahrom Aşrafxanov iki ölkənin münasibətlərindən bəhs edib, gömrük orqanlarının qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini bildirib.

 

Azərbaycan gömrük xidməti və Gömrük Akademiyasının təcrübəsinin öyrənilməsinə, tətbiqinə önəm verdiyini vurğulayan səfir qarşılıqlı təcrübə mübadiləsinin, birgə fəaliyyətin, eləcə də təlimlərin təşkilinin vacibliyini diqqətə çatdırıb.

 

Görüşdə Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı təqdimatdan sonra B.Aşrafxanov Akademiyanın auditoriyaları ilə tanış olub.

 

Kinoloji Mərkəzinin fəaliyyəti ilə də tanış olan səfirə məlumat verilib ki, Mərkəz 2003-cü ildə yaradılıb və 2015-ci ildən Ümumdünya Gömrük Təşkilatının regional mərkəzi statusunu alıb.

 

Mərkəzin rəisi İlkin Osmanov qeyd edib ki, rəhbərlik etdiyi qurum kinoloqların hazırlanması, eləcə də narkotik vasitələr, partlayıcı maddələr, odlu silahlar və döyüş sursatının axtarışına aid xidməti itlərin təlimi üzrə ixtisaslaşıb.

 

Daha sonra xidməti itlərin təlim prosesi və Mərkəzin fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.