Azərbaycan Gənclər Fondu, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən ölkənin ən böyük gənclər festivalı “Yay Fest” iki illik fasilədən sonra yenidən gəncləri sevindirir.
Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri və fəal tələbələri növbəti dəfə “Yay Fest” gənclər festivalında iştirak şansı qazanıblar.
Bir ay ərzində keçiriləcək festival “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və İnkişaf” olmaqla, silsilə 5 düşərgə şəklində təşkil olunacaq.
Düşərgələrin hər birində vətənpərvərlik, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirələr keçiriləcək, dövlət və özəl qurumların nümayəndələri, eləcə də millət vəkilləri və təlimçilərlə görüşlər təşkil olunacaq.
Qeyd edək ki, düşərgədə yalnız COVID-19 pasportu olan şəxslərin iştirakı təmin edilib.