Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla amerikalı tələbələrlə görüşüb. ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə Azərbaycan dilini öyrənmək məqsədi ilə ölkəmizə gələn amerikalı tələbələri salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Əcnəbi tələbələrin Azərbaycan dilini öyrənməsini yüksək qiymətləndirən rektor bildirib ki, dili mədəniyyətdən kənarda öyrənmək mümkün deyil. Buna görə də, akademik amerikalı tələbələrə Azərbaycan dili ilə yanaşı Azərbaycan mədəniyyətinin komponentlərini də öyrənməyi tövsiyə edib. Rektorun sözlərinə görə, X əsrdən başlayaraq Azərbaycan dili, mədəniyyəti geniş bir coğrafi ərazidə yayılaraq qonşuların və Avropa xalqlarının diqqətini cəlb etməyə başlayıb. Həmin dövrdə Azərbaycan dili regionda güclü mövqeyə malik olub və bu dildə “Kitabi Dədə Qorqud” kimi məşhur epik abidələr yaranıb. K.Abdulla daha sonra XIX əsr və XX əsrin əvvəllərində ölkəmizin mədəni, iqtisadi həyatında baş verən hadisələri əks etdirən “Azərbaycan ilkləri” mövzusunda fikirlərini amerikalı tələbələrlə bölüşüb. Müsəlman şərqində “Əkinçi” adlı ilk qəzetin çap olunmasından, Mirzə Fətəli Axundov tərəfindən ilk dram əsərinin yazılmasından, ilk opera əsəri olan “Leyli və Məcnun” operasının səhnələşdirilməsindən, 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Azərbaycanda universitetin açılmasından danışıb. Əlavə edib ki, Azərbaycanın mədəni, ictimai, iqtisadi həyatında baş verən  bu ilklər XIX əsrin ikinci yarısından  XX əsrin birinci yarısınadək ölkəmizdə gedən mədəni intibahı şərtləndirir.

 

K.Abdulla daha sonra ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyəti haqqında amerikalı tələbələrə geniş məlumat verib.,

 

Akademik Kamal Abdulla çıxışının sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyətindən d’ danışıb. O, vurğulayıb ki, bu mərkəz multikulturalizmin təkcə Azərbaycanda deyil, dünyada inkişaf etməsi üçün çox işlər görüb: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində ildə iki dəfə multikulturalizm yay məktəbi keçirilir ki, dünyanın bir çox ölkələrindən gənclər bu yay məktəbinə qatılır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Amerika, Avropa, Yaxın və Uzaq Şərq ölkələrinin universitetlərində “Azərbaycan Multikulturalizmi” adlı fənni tədris edir. Bu universitetlərdəki tələbələr Azərbaycan multikulturalizmi haqqında, eyni zamanda Azərbaycan tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, psixologiyasi və onun bugünkü dəyələri barədə də məlumat almış olurlar”.

 

Sonda rektor Kamal Abdulla amerikalı tələbələrə uğurlar arzulayıb.