Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) fəal əməkdaşlıq etdiyi Milan Politexnik Universitetində təhsil alan 3 xarici tələbə (bir tələbə Rusiyadan, ikisi isə Türkiyədən) son  tədris ili ərzində Azərbaycanın  Qax rayonunda yerləşən  Yeddi kilsə monastr  kompleksinin tədqiqi və qorunmasına həsr edilmiş elmi araşdırmalar üzərində çalışır.

 

AzMİU ilə Milan Politexnik Universiteti arasındakı Erasmus +KA 107 əməkdaşlığı çərçivəsində gerçəkləşən bu layihədə çalışan tələbələrə hər iki tərəfdən alimlər rəhbərlik edir. Əcnəbi tələbələrin Milan Politexnik Universiteti tərəfindən elmi məsləhətçisi, professor Nora Lombardini, AzMİU-dan isə Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyevadır. Tədris ilinin əvvəlində tələbələrə fotolar, cizgilər verilib, abidə haqqında lazımı məlumatlar təqdim olunub, il ərzində bir neçə görüş keçirilib.

         

Hər iki tərəfin iştirakı ilə onlayn formatda keçirilən növbəti görüşdə tədqiqat zamanı tələbələrin rastlaşdığı suallar cavablandırılıb, abidənin qorunmasına dair təkliflər müzakirə olunub.  

 

Qeyd edək ki, layihənin son versiyası öncə Milan Politexnik Universitetində, sonra isə AzMİU-da geniş ictimaiyyətə təqdim ediləcək.

 

Bu barədə AzMİU-dan bildirilib.