Azərbaycan Texniki Universiteti (AzTU) və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə onlayn “Açıq qapı” günü keçirilib.
Tədbirdə AzTU-nun rəhbərliyi ilə yanaşı, “Hədəf Kursları”nda təhsil alan abituriyentlər və onların valideynləri də iştirak edib.
AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov texniki sahəyə aid ali təhsilin məqsəd və hədəfləri barədə təqdimatla çıxış edib. AzTU-nun ixtisasları və ötən il qeydə alınan keçid balları da abituriyentlərin diqqətinə çatdırılıb.
“Hədəf Kursları” MMC-nin icraçı direktoru Emin Sadiqov belə bir faydalı görüşün təşkilinə görə AzTU rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, I və II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlər üçün “Açıq qapı” günlərinin təşkili, həmçinin mühəndislik ixtisasına marağı olan yuxarı sinif şagirdlərinin texniki biliklərinin artırılması ilə bağlı kursların keçirilməsi universitet-məktəb əməkdaşlığında əsas təbliğat istiqamətlərindən biridir.
Tədbirdə qeyd olunub ki, belə görüşlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.