Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikanın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla görüşüb.
Universitetin Tədris-təcrübə təsərrüfatında keçirilən görüşdə “Aqrar İnkişaf Könüllüləri”nin sədri Kamran Əliyev və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov yay məktəbi iştirakçılarına qazandıqları təcrübələrdən səmərəli istifadəni tövsiyyə ediblər.
Bildirilib ki, “Aqrar İnkişaf Könüllüləri” təşkilatı ölkədə aqrar sektorun inkişafına ictimai dəstəyin nümayiş etdirilməsində, aqrar təhsilə marağın artırılmasında, gənc mütəxəssislərin ideyalarının praktiki olaraq reallaşdırılmasında və cəmiyyətin diqqətinin bu sahəyə yönəldilməsində müstəsna rol oynamaqdadır.
“Sabahın kənd təsərrüfatı” yay məktəbi isə gənclərin asudə vaxtlarının düzgün qiymətləndirilməsinə, komanda ilə işləmək bacarığının formalaşmasına, maraqlı ekskursiyalarda iştirakına və aparıcı kənd təsərrüfatı müəssisələri ilə yaxından tanış olmasına şərait yaradır.