Naxçıvan Dövlət Universitetinin (NDU )rektoru Elbrus İsayev və bir qrup əməkdaşı Türkiyənin Hacı Bayram Vəli və Qazi universitetlərində olublar.
Türkiyənin Hacı Bayram Vəli Universitetinin rektoru, professor Yusuf Tekin qonaqlara təhsil sahəsində qazanılan beynəlxalq əməkdaşlıqdan və təcrübədən bəhs edib.
NDU-nun rektoru Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağında müxtəlif profilli ixtisaslar üzrə aparılan kadr hazırlığı haqda məlumat verib. Bildirilib ki, xüsusi ilə humanitar və ictimai elmlər sahəsində uzunmüddətli təcrübəsi olan NDU-da bu istiqamətdə birgə elmi-tədqiqat və elmi nəşrlər sahəsində ortaq fəaliyyət göstərmək üçün əlverişli mühit mövcuddur.
Görüş çərçivəsində iki universitet arasında yaxın gələcəkdə “Uzaktan Eğitim Merkezi” ilə birgə fəaliyyət, konservatoriya ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsi, Hacı Bayram Vəli Universitetinin turizm fakültəsinin təcrübəsi ilə NDU turizm işinin təşkili ixtsasları arasında ikili diplom proqramının təşkili, rəqəmsal təhsildə keyfiyyətin təmini üçün elektron-öyrənmə sisteminin gücləndirilməsi kimi məsələlər nəzərdən keçirilib.
Qazi Universitetində təşkil olunan görüşdə isə universitetin prorektoru, professor Bekir Buluç müxtəlif profilli ixtisaslar üzrə doktorant və dissertant mobilliyi, fransız və ingilis dili ixtisasları üzrə təcrübə mübadiləsinin mümkünlüyündən bəhs edib.
NDU-nun rektoru E.İsayev bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında xarici dillərin tədrisi müasir avadanlıqlarla zəngin ayrıca binada həyata keçirilir. Rektor Fransız və İngilis dili ixtisasları üzrə təcrübi dərslərin keçirilməsi üçün Sinxron Tərcümə Mərkəzinin fəaliyyətindən, yeni texnologiya imkanlarına malik müasir tərcümə avadanlıqlarının müəllim və tələbə heyətinin istifadəsində mühüm əhəmiyyətindən danışıb. E.İsayev bu ixtisaslarda müəllim-tələbə mobilliyinin də aktual istiqamət olduğunu diqqətə çatdırıb.
Görüş zamanı Qazi Universitetində xarici dil tədris edən müəllimlərin NDU-da tədrisə yönləndirilməsi, sinxron tərcümə sahəsində Qazi Universitetinin təcrübəsinin öyrənilməsi, tibb sahəsində birgə təlim, tədris və tədqiqatın həyata keçirilməsi, mühəndislik ixtisasları üzrə ikili diplom proqramı imkanlarının müzakirə edilərək həyata keçirilməsi, texnologiya ixtisası sahələri əsasında təcrübələrin paylaşılması, universitet kitabxanaları arasında mübadilələrin təşkili, doktorantura sahəsi üzrə doktorant və dissertantların tədqiqat məqsədi ilə qarşılıqlı mübadilə imkanlarının müzakirəsi və təşkili, biotexnologiyalar sahəsində əməkdaşlıq və bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.