Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikanın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbində növbəti mühazirə təşkil olunub.

 

Proqram çərçivəsində mühazirəni tələbələrə USAID, Özəl Sektorun İnkişafı layihəsinin Aqrobiznes üzrə məsləhətçisi Qabriel Eliaz söyləyib.

 

Təbii ehtiyatları qorumaq, iqlim tənzimlənməsini dəstəkləmək və xəstəliklərin baş verməsinə səbəb ola biləcək biomüxtəlifliyin məhv edilməsini yavaşlatmaq üçün “İqlim əsaslı ağıllı kənd təsərrüfatı sistemi”nin əhəmiyyətdən danışan israilli mütəxəssis bildirib ki, kənd təsərrüfatının dayanıqlığının təmin olunması istiqamətində iqlim əsaslı texnologiyaların tətbiqinə böyük ehtiyac var.

 

Mühazirənin interaktivlik dərəcəsi yüksək olmaqla, burada tələbələrin suallarına ətraflı cavab verilib.

 

Sonra yay məktəbi iştirakçıları ADAU-nun baytarlıq fakültəsində Anatomiya muzeyi və Baytarlıq klinikası ilə tanış olublar. Bildirilib ki, Baytarlıq klinikası ev heyvanlarına xidmət göstərir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin  dəstəyi ilə universitetə verilmiş 29 adda Türkiyə, Kanada, Almaniya, ABŞ və Cənubi Koreyada istehsal olunmuş avadanlıq və alətlər vasitəsilə ADAU-nun təcrübəli baytar həkimləri tərəfindən heyvanların müayinəsi müasir standartlara uyğun həyata keçirilir.
 

 

Qeyd edək ki, “Sabahın kənd təsərrüfatı” yay məktəbinin keçirilməsində təşkilati dəstək göstərən təşkilatlardan olan USAID, Özəl Sektorun İnkişafı layihəsi ADAU ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetin Tədris-təcrübə təsərrüfatında  bağın və soyuducu anbarın yaradılması ilə əlaqədar layihələr həyata keçirilməkdədir.