Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Almaniya, Rumıniya və İtaliyadan praktikaya gələn tələbələrlə görüş keçirilib.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı, müştərək layihələr və elmi araşdırmalar barədə ətraflı məlumat verib. Qeyd edib ki, ATU ilə dünyanın bir sıra aparıcı universitetləri arasında əməkdaşlığa dair memorandumlar imzalanıb ki, bunun sayəsində həmin ali məktəblərlə uğurlu tələbə mübadiləsinin aparılması mümkün olub.

 

O.İsayev qeyd edib ki, Həkimlər və Təbib Tələbələr Birliyi ilə artıq uzun illərdir  fəal əməkdaşlıq aparılır və bu əməkdaşlıq çərçivəsində əcnəbi tələbələr ATU-nun müxtəlif klinikalarında yay praktikası keçirlər.

 

Daha sonra əcnəbi tələbələri dinləyən prorektor onları maraqlandıran sualları cavablandırıb, həmçinin, tələbələrin rəy və təkliflərini dinləyib.

 

Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Ramiz Poluxov əcnəbi tələbələrə praktika keçmələri üçün yaradılan şərait haqqında danışıb. Onun sözlərinə görə, tələbələrin hər birinə kurator təyin edilib. Bu müddət ərzində avropalı gənclər ATU həkimlərinin apardığı maraqlı cərrahiyyə əməliyyatlarında iştirak edib, müayinə və müalicə proseslərini yaxından izləyiblər. R.Poluxov qarşılıqlı əməkdaşlığın gələcəkdə müsbət nəticələr verəcəyindən əminliyini vurğulayıb.

 

Görüş zamanı Avropa ölkələrindən olan tələbələr onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirib, ATU-nun Tədris Cərrahiyyə Klinikasında praktika müddətində maraqlı təlimlərdə iştirak etdiklərini, tanınmış alimlərdən dərs aldıqlarını, modern tibbi mulyajlar üzərində işlədiklərini söyləyiblər.