Naxçıvan Dövlət Universitetinin (NDU) rəhbərliyi Türkiyəyə səfəri çərçivəsində İstanbul şəhərində yerləşən Yıldız Texnik Universitetində olub.

 

İkitərəfli görüşdə Yıldız Texnik Universitetinin rektoru, professor Tamer Yılmaz 1911-ci ildən mövcud olan universitetin beynəlxalq səviyyədə təhsil, təlim və tədqiqat sahəsində mükəmməllik əldə edərək cəmiyyətin ehtiyaclarına və milli rəqabət qabiliyyətlərinə töhfə verən fərdləri yetişdirmək, yenilikçi fikir və təcrübələri tətbiq etmək missiyası ilə fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, universitet texnologiya sahəsində Türkiyədə fəaliyyət göstərən qabaqcıl ali məktəblərdən biridir. Rektor deyib ki, universitet proqram, informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya, elektronika, əczaçılıq, maşın və avadanlıqların istehsalı, kimya, aviasiya, enerji, müdafiə sənayesi, inşaat, qida kimi bir çox sektorda elmi tədqiqat  aparan 330 elmi araşdırma şirkəti, 111 inkubator və 8000 şirkət, 1500-dən çox ixtisaslı araşdırmaçı və proqramçı ilə fəaliyyət göstərir. Tamer Yılmaz araşdırma universiteti statusu alan Yıldız Texnik Universiteti ilə NDU arasında elmi tədqiqat sahəsində birgə elmi araşdırmaların, yeni məqalə və elektron dərgilərin birgə nəşrinin  hər iki universitet üçün əhəmiyyətini qeyd edib.

 

NDU-nun rektoru Elbrus İsayev qardaş ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi, elmi tədqiqat sahəsində də uğurlu cəhətlərini qeyd edib.

 

Naxçıvan Muxtar Respublikasında startap hərəkatına göstərilən dövlət qayğısından danışan rektor  universitetin startap müsabiqəsinin təşkili və startap hərəkatında qazandıqları uğurları diqqətə çatdırıb.

 

Görüşdə Yıldız Texnik Universiteti Texnoparkının təcrübəsindən istifadə edilməklə müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

Görüş zamanı iki universitet arasında əməkdaşlıq protokolu da  imzalanıb.