Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin açılış tədbiri keçirilib.

 

ADAU-nun rektoru, professor İbrahim Cəfərov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Aqrar İnkişaf Könüllüləri” təşkilatı ölkədə aqrar sektorun inkişafına ictimai dəstəyin nümayiş etdirilməsində, aqrar təhsilə marağın artırılmasında, gənc mütəxəssislərin ideyalarının praktiki olaraq reallaşdırılmasında və cəmiyyətin diqqətinin bu sahəyə yönəldilməsində müstəsna rol oynamaqdadır. Qeyd olunub ki, dövlətin aqrar təhsilə diqqət və qayğısı sayəsində gənclərin aqrar təhsilə marağının əhəmiyyətli dərəcədə artırılması, müasir aqrar gəncliyin formalaşması istiqamətində həyat keçirilən genişmiqyaslı tədbirlər məhz sabahın kənd təsərrüfatının tələblərinə cavab verəcək mütəxəssislərin hazırlanmasına hədəflənib. Bu baxımdan 19 ali təhsil müəssisəsi tələbələrinin iştirak etdiyi “Sabahın kənd təsərrüfatı” adlı yay məktəbinin əhəmiyyəti böyükdür.
 

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini, İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev çıxış edərək kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini çatdırıb, “Aqrar İnkişaf Könüllüləri" təşkilatının yaradılmasının zəruriliyi, fəaliyyət istiqamətləri, ADAU və digər ali təhsil müəssisələri tələbələrinin bu prosesə aktiv şəkildə qoşulmaları, hərəkatın müasir çağırışlara cavab verən aqrar mütəxəssislərin hazırlanmasına töhfələri, gənclər arasında aqrar təhsilin təbliği, həyata keçirilən layihələr və gözlənilən nəticələr barədə danışıb.

 

Sonra müxtəlif ali təhsil müəssisələrini təmsil edən iştirakçılar çıxış edərək yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturları nümayəndələrinin sabahın kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, “Elektron kənd təsərrüfatı”, qlobal iqlim dəyişikliyi və onun aqrar sahənin inkişafına, ərzaq təhlükəsizliyinə təsiri, aqrar gənclik, aqrar təhsil istiqamətləri, habelə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında aqrar motivlərə dair dinləyəcəkləri mühazirələrdən faydalanacaqlarını bildiriblər.
 

Qeyd edək ki, 2021-ci ilin 22-31 iyul tarixlərində keçirilən yay məktəbinin proqramı çərçivəsində iştirakılar üçün Gəncə şəhərində Nizami Məqbərəsi və “Nizami Gəncəvi” muzeyi, Heydər Əliyev Park-Kompleksi, “Zəfər Tağı”, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya muzeyi, “Məhsəti Gəncəvi” Mərkəzi, “İmamzadə” dini kompleksi, Xan bağı, “Avropa 2016-Gənclər Paytaxtı” parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəçay” park-bulvar kompleksi, “Mirzə Şəfi Vazeh” muzeyi, “Azərbaycan Xalq Cümhuriyyəti” muzeyi, Filarmoniya, “Xəmsə” parkı, Göygöl Milli Parkı və Qəbələ rayonunun görməli yerlərinə, aparıcı kənd təsərrüfatı müəssisələrinə səfərlər də təşkil olunacaq.