“Yarışlar çox yaxşı keçdi, biz öz çıxışımızdan  razı qaldıq”. Bu  sözləri “Uşaqlar” yaş kateqoriyasında idman gimnastikası üzrə Azərbaycan birinciliyində və Bakı çempionatında müvafiq surətdə qızıl və gümüş medallar qazanmış əkiz bacılar Amaliya və Asiya Ağayevalar deyiblər. Onlar öz qələbələri ilə  valideynlərini və müəllimlərinin  sevindiriblər.  Asiya Ağayeva söhbət əsnasında deyib ki,  gümüş medal almağımdan  çox razıyam, çünki məşqlərdə hər şey o qədər də yaxşı alınmırdı, bu gün isə yaxşı oldu.

 

Gimnast bacılar bildiriblər ki, onlar öz aralarında əsla rəqabət aparmırlar.  Hər işdə bir-birlərini  dəstəkləyir, biri daha yaxşı nəticə göstərəndə o birisi  heç vaxt buna görə incimir.  Bacılar deyirlər ki, Milli Gimnastika Arenasında çıxış etmək çox xoşlarına gəlib.  “Arena çox gözəldir. Bu gün bütün ailəmiz burada bizə azarkeşlik edib və bunun bizə köməyi çox olub. Lakin çıxış zamanı valideynlərimizə tərəf baxmırdıq, çünki bu fikrimizi yayındıra bilərdi”.

                                                             

Sifai SƏFƏROVA