Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşı Sərxan Bağırlının rəhbərlik etdiyi “ƏMANƏT” - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi ilə əməkdaşlığı çərçivəsində Rəsədxanada "Yay düşərgəsi" təşkil edilib.

 

Düşərgədə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Füzuli, Yevlax, Beyləqan, Salyan, Neftçala və Sabirabaddan olan 40 nəfər şəhid və qazi övladı iştirak edib.

 

Təşəbbüsün məqsədi şəhid və qazi övladlarının yay tətilini səmərəli keçirməsi üçün onların əyləncəli və maarifləndirici mədəni istirahətinin təşkilidir.

 

Müxtəlif tədbirlər və ekskursiyalarla zəngin “Yay düşərgəsi” çərçivəsində iştirakçılar ilk öncə Rəsədxananın infrastrukturu ilə tanış olub. ŞAR-ın muzeyində olan şəhid və qazi övladlarına buradakı eksponatlar haqqında ətraflı məlumat verilib. Müxtəlif meteorid nümunələri, 2 metrlik teleskopun ilkin idarəetmə qurğusu və digər eksponatlar uşaqların  marağına səbəb olub.

 

Daha sonra ŞAR-ın konfrans zalında balaca iştirakçılara elmi-populyar seminar təşkil olunub. Rəsədxana əməkdaşları Əminə Hümbətova “Günəş sistemi cisimləri”, Aynur Abdulkərimova isə “İnsan və kosmos” mövzularında maraqlı məruzələrini iştirakçılara təqdim ediblər.

 

ŞAR-ın 2 metrlik, 60 və 70 santimetrlik teleskoplarında olan iştirakçılara bu qurğular haqqında da ətraflı məlumat verilib, teleskopların iş prinsipi izah edilib. Nəzəri maarifləndirmədən əlavə, düşərgə iştirakçıları ŞAR-ın 70 santimetrlik teleskopunda gecə müşahidəsində də iştirak ediblər.

 

6 günlük yay düşərgəsi çərçivəsində Şamaxının Dəmirçi kəndinə və Qəbələ rayonu Nohurgölə maraqlı ekskursiyalar da təşkil olunub. Dəmirçi kəndində Arxeologiya muzeyində tarixi eksponatlarla tanış olan iştirakçılar Qəbələdə təbiət qoynunda istirahət ediblər.

 

Qeyd edək ki, “ƏMANƏT” - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi noyabr ayından fəaliyyət göstərir. Layihədə 120 nəfərlik müəllim, psixoloq, loqoped və digər sahələrdən olan mütəxəssis heyəti ilə 200-dən çox şəhid və qazi övladlarına təmənnasız təhsil verilir.