Dövlət Məşğulluq Agentliyi yeni “Peşəkar” layihəsinə start verir. “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan layihə çərçivəsində işsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr tədris olunacaq, müxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində həmin şəxslərin işlə təmin edilmələrinə dəstək göstəriləcək.

 

“Peşəkar” layihəsi çərçivəsində ilk belə əməkdaşlıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə baş tutacaq. Möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və iştirakçılarının məşğulluq imkanlarının artırılması məqsədilə İT sahəsi üzrə birgə təlim kursu keçiriləcək.

 

Kurslar Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında ADNSU nəzdində təsis olunan, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının dəstək verdiyi İsrail-Azərbaycan Təlim Mərkəzində təşkil ediləcək.

 

Layihəyə müraciət edən şəxslər ilk olaraq peşə bacarıqlarının müəyyən olunması məqsədilə baza təlimlərinə cəlb olunacaq. Daha sonra isə 6 aylıq kurs müddətində benefisiarlara İT sahəsi üzrə müvafiq biliklər tədris ediləcək. Layihə çərçivəsində iştirakçılara cəmiyyətə inteqrasiya olunmaları üçün sosial adaptasiya mövzusunda qısa müddətli təlimlərin də keçirilməsi nəzərdə tutulub.

 

Kursu müvəffəqiyyətlə bitirən şəxslərə Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək və işlə təmin olunmalarına dəstək göstəriləcək.