Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük orqanlarında fəaliyyət göstərən kinoloqlar üçün ixtisasartırma təlimləri başlayıb.

 

Təlimdən öncə keçirilən tədbirdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov, Akademiya əməkdaşları, o cümlədən təlimlərin dinləyiciləri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Cənub Ərazi Baş Gömrük İdarəsinin və Kinoloji Mərkəzin təlimçiləri, instruktor-kinoloqları iştirak ediblər.

 

Akademiyanın rəisi Q.Novruzov bildirib ki, ilk dəfə təşkil olunan spesifik təlimlər kinoloqların peşəkar hazırlıqlarının artırılması məqsədilə keçirilir. O, Akademiyada gömrük xidmətinin müxtəlif istiqamətləri, texniki nəzarət vasitələri ilə işləyən əməkdaşların peşəkar səviyyəsinin artırılması, hüquq-mühafizə fəaliyyəti, o cümlədən ingilis dili üzrə təlimlərin keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, təlimlər müxtəlif modullar üzrə hazırlanmış proqramlar əsasında keçirilir. Q.Novruzov 10 günlük təlimlərdə həm nəzəri biliklərin, həm də praktik bacarıqların aşılanması ilə bağlı məşğələlərin nəzərdə tutulduğunu vurğulayıb və bütün iştirakçılara uğurlar arzulayıb.

 

Qeyd edək ki, təlimin sonunda dinləyicilərin bilik səviyyəsinin ölçülməsi məqsədilə qiymətləndirmə həyata keçiriləcək.