Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Milli Mətbuatın 146-cı ildönümü münasibətilə “Heydər Əliyev və mətbuat” mövzusunda lektoriya keçirilib.

 

Tədbirdə AMEA prezidenti katibliyinin rəisi, AMEA  Rəyasət Heyəti Aparatının və elmi tədqiqat institutlarının mətbuat xidmətləri, elm xadimləri, Azərbaycan Mətbuat Şurasının rəhbəri və üzvləri, millət vəkilləri, əməkdar jurnalistlər, KİV nümayəndələri iştirak ediblər.

 

MEK-in baş direktoru, professor Məmməd Əliyev görkəmli maarifçi Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” qəzetinin böyük bir ənənənin başlanğıcında dayandığını və Azərbaycan mədəniyyəti tarixinə şərəfli səhifələr yazdığını vurğulayıb.

 

Professor M.Əliyev Ulu öndər Heydər Əliyevi Azərbaycanda söz və mətbuat azadlığının, fikir plüralizminin əsasını qoymuş lider kimi xarakterizə edərək, bu gün bu missiyanın ölkə başçısı İlham Əliyev tərəfindən layiqli davam etdirilməsindən danışıb.

 

Baş direktor Azərbaycanın haqq səsini dünyaya çatdıran Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazov  kimi Azərbaycanın Milli Qəhrəman jurnalistlərinin, eləcə də 2021-ci il iyun ayının 4-də Kəlbəcər rayonunda şəhid olan AzTV-nin operatoru Sirac Abışovun və “AZƏRTAC”ın müxbiri Məhərrəm İbrahimovun xalqın qəlbində, yaddaşında əbədi yaşayacaqlarını vurğulayıb. M.Əliyev, həmçinin şəhid jurnalistlərin xatirəsinə ehtiram əlaməti olaraq MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda onların həyatını və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, kitablar, şəkillərindən ibarət guşə hazırlandığını da bildirib.

 

Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Əflatun Amaşov  ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin olunmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, bu dönəmlə bağlı xatirələrini bölüşüb.

 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Heydər Əliyev epoxasında milli mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışaraq, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri, imzalanan fərman və sərəncamları Azərbaycan mətbuatına, azad sözə verilən böyük diqqətin göstəricisi kimi xarakterizə edib.

 

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vüqar Əhməd, Milli Məclisin deputatı, Əməkdar jurnalist Aqil Abbas, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, Əməkdar jurnalist, professor  Şəlalə Həsənova, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Əməkdar jurnalist Qulu Məhərrəmli Heydər Əliyevin Azərbaycan mətbuatında rolu haqqında ətraflı çıxış ediblər.