Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) 2021-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran məsələlər müzakirə olunub.
İnstitutun rektoru Azad Novruzov bildirib ki, birinci yarımildə bütün kadr potensialının gücləndirilməsi, tədris işləri, institutun elmi-tədqiqat və innovasiya fəaliyyəti, ixtisasartırma və yenidənhazırlanma, tərbiyə işləri, xarici əlaqələr, elmi və elektron kitabxananın fəaliyyətinin gücləndirilməsi, mətbuat xidməti sahələrində işlər uğurla davam etdirilib.
A.Novruzov qeyd edib ki, hesabat dövründə institutdа 16 iхtisаs üzrə bаkаlаvr, 5 ixtisas üzrə isə magistr hazırlığı aparılıb.
Elmi-pedaqoji kadrların hazırlanması və institutun elmi potensialının möhkəmlənməsi istiqamətində bir sıra nəticələr əldə olunub. Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə kadr hazırlığının aparılması davam etdirilib. 2 dissertant fəlsəfə doktoru dissertasiyalarını uğurla müdafiə edib, 1 əməkdaş Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcə diplomunu alıb.
Rektorluq tərəfindən tədrisin səmərililiyinin artırılması, dərslərin keyfiyyətli təşkili üçün mütəmadi olaraq nəzarət mexanizmləri hazırlanaraq tətbiq edilib, gənc müəllimlərlə yeni metodikalar üzərindən maarifləndirici müzakirələr təşkil olunub.
Tədrisin yeni metodlarla zənginləşdirilməsi və tələbələrin STEAM təlim metoduna yiyələnmələri üçün institutda yeni STEAM kabinəsi yaradılıb.
Tələbələrin yeni ideya və layihələrinin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılıb. İnstitutda fəaliyyət göstərən innovasiya laboratoriyasının təşkilatçılığı ilə hesabat dövründə “Startap: İnnovativ gələcəyə doğru” mövzusunda maarifləndirici seminar keçirilib və tələbələrin yeni layihələrinin təqdimatı olub.
Rektor vurğulayıb ki, yenidənhazırlanma və ixtisasartırma sahəsində Tədris-təqvim planına əsasən, bir sıra işlər yerinə yetirilib. Ümumilikdə 21 adda müxtəlif səpkili ixtisasartırma kursu, konfranslar və seminar-təlimlər keçirilib.
2021-ci ilin I yarımilində institut əməkdaşlarının ümumilikdə 253 əsəri, o cümlədən 35 kitab, kitabça və broşüru, 130 elmi və elmi-metodik məqaləsi, 88 konfrans materialı (tezisi) çap olunub. Məqalələrdən 16-sı xaricdə, o cümlədən 14-ü impaktfaktorlu jurnallarda dərc edilib.
Elmi-metodiki məqalələrlə yanaşı, 2021-ci ilin birinci yarımilində institut əməkdaşlarının ənənəvi və elektron mətbuatda 144-dən artıq çıxışları olub.
Naxçıvan Müəllimlər İnstitutunun kitabxanası nəzəri material baxımından zənginləşdirilib və kitabxanada ideya-siyasi tərbiyənin həyata keçirilməsinə dəstək məqsədilə xüsusi bölmə hazırlanıb, elmi-əməli və kütləvi-bədii tədbirlərin həyata keçirilməsinə yardım məqsədilə kafedralar ədəbiyyat və vəsaitlərlə təmin edilib. Hesabat dövründə ümumilikdə 51 adda müxtəlif mövzularda tərbiyəvi tədbirlər həyata keçirilib.
Sonra institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev, təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyevin çıxışları dinlənilib, 2021-ci ilin ikinci yarımilində görüləcək işlər diqqətə çatdırılıb və tədbirə yekun vurulub.