Azərbaycan Tibb Universitetində  (ATU)  Türkiyənin Loğman Həkim Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin tarixi barədə qonaqlara məlumat verib. Bildirib ki, ATU 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılıb.

 

“Universitetimizə hər il 1000-ə yaxın tələbə qəbul olur. Universitet nəzdində 4 böyük klinika fəaliyyət göstərir, tələbələrimiz rahatlıqla klinik fənləri burada mənimsəyə bilirlər. Son 3 il ərzində ATU-nun beynəlxalq əlaqələri gün-gündən genişlənir. Həmçinin universitetin tədris proqramı yenilənir. İctimai səhiyyə fakültəsində ciddi dəyişikliklər etmişik, yeni ixtisaslar açmışıq. Bizə bu işdə Türkiyə universitetləri böyük dəstək verib. Gələcəkdə Loğman Həkim Universiteti ilə müqaviləmizin praktikada özünü doğruldacağına, uğurlu şəkildə tələbə, həkim, master-klasslar mübadiləsinin aparılacağına inanıram”-deyə G.Gəraybəyli bildirib.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev məlumat verib ki, ali məktəbin  80 xarici universitetlə müqaviləsi var, onlardan 30-u Türkiyə universiteti ilədir: “ATU xarici tələbə sayına görə ölkədə birinci yeri tutur. Universitetimizdə 2300 xarici tələbədən 700-ü Türkiyə vətəndaşıdır”.

 

Loğman Həkim Universitetinin rektoru, professor Bülənt Gümüşəl də rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, Loğman Həkim Universiteti 2018-2019 –cu tədris ilində akademik fəaliyyətə başlayıb. Universitetdə tibb, stomatologiya, əczaçılıq, ictimai səhiyyə, idman fakültələri, sağlıq xidmətləri üzrə peşə təhsili məktəbi var. 5 fakültə üzrə 2377 tələbəsi olan universitetin həm də Sağlıq Bilimləri İnstitutunda elmi tədqiqatlar aparılır. Loğman Həkim Universitetinin araşdırma mərkəzləri də fəaliyyət göstərir. Rektor B.Gümüşəl ATU ilə əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.

 

Görüşdən sonra qonaqlar ATU-nun Tədris Stomatoloji, Tədris Terapevtik, Tədris Cərrahiyyə klinikalarına, Anatomiya muzeyinə və bir sıra tədris binalarına baxış keçirib, universitet kampusu ilə tanış olublar.