Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib.
MDU-nun rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi zəfərin qazanılması, respublikada bir çox əlamətdar hadisələrin baş verməsi ilə yadda qaldığını diqqətə çatdırıb.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşının, 120-dən çox tələbə və məzununun iştirak etdiyini, 5 məzununun şəhidlik zirvəsinə ucaldığını və Prezidentin müvafiq sərəncamları ilə onların müxtəlif medallarla təltif edildiyini qeyd edən rektor möhtəşəm qalibiyyətin əldə edilməsində MDU ailəsi üzvlərinin də pay sahibi olmasından böyük qürur və fəxarət hissi keçirdiyini bildirib.
Təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi, tələbə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi sahəsində görülən işlərdən danışan Ş.Bayramov MDU-da yeni yaradılan Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin şəhid məzunların adlarının əbədiləşdirilməsi, onların ailələrinə diqqət göstərilməsi, qazi məzunlarla görüşlərin təşkili, cəsur əsgər və zabitlərin keçdikləri şərəfli döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclər arasında təbliğ edilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.
Pandemiyanın mövcud çətinliklərinə baxmayaraq, 2020/2021-ci tədris ilində MDU-da tədrisin məsafədən uğurlu təşkili, elmi fəaliyyətin genişlənməsi, sosial fəallığın artması, idarəetmənin təkmilləşdirilməsi və rəqəmsallaşması, beynəlxalq əməkdaşlığın güclənməsi və universitet-sənaye əlaqələrinin inkişafından söhbət açan rektor bütün bunların dövlət tərəfindən ali təhsilə göstərilən yüksək diqqət və qayğı, tələbə və əməkdaşların həmrəyliyi, əzmkarlığı, əvvəlki tədris ilində qazanılmış təcrübə, mövcud vəziyyətə həssas, real yanaşma və çevik adaptasiya sayəsində mümkün olduğunu vurğulayıb.
Cari tədris ilində universitetdə əldə edilən nailiyyətlər haqqında ətraflı məlumat verən Ş.Bayramov pandemiya şəraitində tədrisin davamlılığının təmin edilməsini, müxtəlif elm sahələri üzrə bir qrup universitet əməkdaşının elmi dərəcələrə və elmi adlara layiq görülməsini, professor-müəllim heyətinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin sayının artmasını, Türkiyənin və Ukraynanın qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasını, yerli və xarici tərəfdaş universitetlərlə silsilə şəklində birgə tədbirlərin reallaşdırılmasını, universitet, peşə məktəbi və sənaye arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasını, universitetin Tələbə Gənclər Təşkilatının “İlin Tələbə Gənclər Təşkilatı” seçilməsini və “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının təsis edilməsini xüsusi olaraq qeyd edib.
Sürətlə modernləşən MDU-da tədris prosesi ilə yanaşı, tələbələrin və əməkdaşların aktual mövzularda əlavə bilik və bacarıqlar qazanmasına imkan verən təlimlərin keçirilməsinə xüsusi diqqət yetirildiyini bildirən rektor universitetdə səmərəli təhsil mühitinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda dayanan vəzifələrdən də danışıb.
Sonra MDU-nun İctimai Nəzarət Şurasının üzvləri cıxış edərək pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, universitetin bütün istiqamətlər üzrə fəaliyyətində müsbət keyfiyyət dəyişikliklərinin baş verməsini mühüm nailiyyət kimi dəyərləndiriblər. Son dövrdə MDU-nun modernləşdirilməsi, milli ali təhsil xəritəsində mövqeyinin gücləndirilməsi və universitet idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülmüş işlərdən məmnunluqlarını bildirən Şura üzvləri universitet qarşısında dayanan vəzifələrin uğurla icrası istiqamətində müvafiq təkliflərini səsləndiriblər.