Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş distant Çin dili kurslarını uğurla bitirən məzunlara sertifikatların təqdim edilmə mərasimi keçirilib.

 

Tədbirdə Çinin ölkəmizdəki səfiri xanım Qo Min, millət vəkili Soltan Məmmədov, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və digər qonaqlar iştirak ediblər.

 

UNEC-in prorektoru dosent Anar Rzayev 2019-cu ildən ali məktəbdə distant formada başlayan Çin dili kurslarının 3-cü mərhələsinin uğurla yekunlaşdığını bildirib. Çin dilinin tədrisinin bundan sonra da davam etdiriləcəyini deyən prorektor göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna, Çinin ölkəmizdəki səfirliyinə, Konfutsi İnstitutuna, Pekin Dövlət Universitetinə  təşəkkürünü bildirib.

 

Səfir Qo Min Azərbaycanla Çin arasındakı dostluq münasibətlərinin  bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla inkişaf etdiyini deyib. Azərbaycanda Çin dilinə marağın artdığından məmnunluğunu ifadə edən xanım səfir bunun hər iki ölkə arasındakı dostluq münasibətlərinin daha da genişlənməsinə töhfələr verəcəyini vurğulayıb.

 

Millət vəkili Soltan Məmmədov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan Çin dili kurslarının bu istiqamətdə önəmli rol oynadığını qeyd edib. Bildirib ki, layihə iki ölkə arasında yüksək səviyyədə olan iqtisadi, mədəni əlaqələrə müsbət təsir göstərəcək.

 

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub.