Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreya Respublikasının İnha Universiteti arasında icra olunan ikili diplom proqramına əsasən imzalanmış müqavilə çərçivəsində təsdiqlənən tədris planına uyğun olaraq İnşaat mühəndisliyi ixtisası üzrə “Yaradıcı düşüncə və problem həlli” fənninin tədrisinə start verilib.
Qeyd olunan fənnin 12 iyul - 4 avqust 2021-ci il tarixlərində İnha Universitetinin professoru Seungwoo Han və köməkçi müəllimlər - Ji-Eun Choi və Vijay Kakani tərəfindən onlayn formada həyata keçirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, müqavilə çərçivəsində təsdiqlənmiş tədris planına əsasən, proqramın icra olunduğu Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi və İnformasiya texnologiyaları ixtisaslarının hər biri üçün 22, 26 və 28 iyul 2021-ci il tarixlərində İnha Universiteti tərəfindən 1 günlük “Xüsusi mühazirə”lərin keçirilməsi planlaşdırılıb. “Xüsusi mühazirə”lər İnha Universitetinin professorları Jae Hyun Park, Paik Kyun Shin və Kwang Sub Yoon tərəfindən onlayn formatda təşkil olunacaq.
Xatırladaq ki, BMU ilə İnha Universiteti arasında mühəndislik ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinə ötən il start verilib və bu prosesin icrası davam edir.