Mingəçevir Dövlət Universitetinin (MDU) və Mingəçevir Peşə Məktəbinin bir qrup akademik, inzibati və tələbə heyəti üzvü Şəmkir şəhərində yerləşən "Zəyəm Texnologiyalar Parkı" ASC-də (ZTP) infoturda olublar.

 

İnfotur zamanı ziyarətçilər “Azmade Group” MMC-yə daxil olan ZTP-də emal, yığım və torna sexlərinin iş prosesi, müasir texnoloji avadanlıqları və onlardan istifadə qaydaları ilə yaxından tanış olub, ağır sənaye, inşaat, neft və qaz sənayesi, aqrar-sənaye, kənd təsərrüfatı aqreqatlarının istehsal mərhələlərini müşahidə ediblər. Mühəndis-texnoloqların müşayəti ilə keçirilən infotur metal qurğu, metal məhsullar, pres qəliblər və dişli çarxlar istehsal olunan bölmələrdə davam etdirilib. 

 

Sonra infotur çərçivəsində dəyirmi masa keçirilib.

 

ZTP-nin baş direktoru Elxan Hacıyev rəhbərlik etdiyi texnoparkın missiyası, fəaliyyəti və inkişaf konsepsiyası haqqında ətraflı məlumat verib. İstehsalatda tətbiq edilən modern texnologiyalardan, mühəndis-texnoloq yanaşmasından bəhs edən E.Hacıyev bu sahədə müasir bilik və bacarıqlara sahib kadrlara böyük ehtiyac duyulduğunu vurğulayıb. 

 

ZTP rəhbərliyinə təşəkkür edən MDU-nun rektoru Şahin Bayramov yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyən universitetdə sənaye ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini deyib. MDU-da müasir dövrün çağırışlarına və əmək bazarının dinamik dəyişən tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması, nəticəyönümlü və səmərəli tətbiqi tədqiqatların yerinə yetirilməsi perspektivlərindən söhbət açan Ş.Bayramov sənaye və texnologiya parkları ilə əməkdaşlığın önəmini diqqətə çatdırıb.

 

Təhsil müəssisələri ilə əlaqələrin əhəmiyyətini vurğulayan “Azmade Group” MMC-nin direktor müavini Aydın Əliyev qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığa daim açıq olduqlarını bildirib.

 

Universitet, peşə məktəbi və sənaye arasında yeni yaradılmış üçtərəfli əməkdaşlıq formatında təmsil olunmaqdan məmnunluğunu bildirən Mingəçevir Peşə Məktəbinin direktoru İlham İlyasov sözügedən işbirliyinin məqsəd və vəzifələrindən, birgə fəaliyyətin üstünlükləri və qarşılıqlı faydalarından danışıb.