Naxçıvan Dövlət Universitetində (NDU) Azərbaycan Gənclər Fondu, Naxçıvan Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və ENACTUS Azərbaycanın birgə tərəfdaşlığı ilə təlimlər keçirilib.
Gənclərə sahibkarlıq bacarıqlarını aşılamaq məqsədini daşıyan təlimdə çıxış edən universitetin iqtisad və idarəetmə fakültəsinin dekanı, NDU “Enactus” komandasının rəhbəri Əşrəf Ələkbərov ali məktəb haqqında məlumat verib. Qeyd edilib ki, 2008-ci ildə yaradılan universitet komandasının qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, keçirilən yarışlarda bir çox uğurlar əldə edib. Belə ki, ölkənin ən nüfuzlu ali məktəblərinin qatıldığı ilk milli çempionatda tələbələr uğurla çıxış edərək III yerə layiq görülüb.
2021-ci ilin aprel ayında Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və ENACTUS Azərbaycanın təşkilatçılığı ilə 19 ali təhsil müəssisəsi komandasının iştirak etdiyi "Enactus Onlayn Sahibkarlıq" müsabiqəsində universitetin “Enactus” komandasının təqdim etdiyi layihə müsabiqənin qalibi seçilib. Komanda daha inamla çıxış edərək ENACTUS milli çempionatında 3 dəfə Azərbaycan birincisi olub.
Daha sonra ENACTUS Azərbaycanın ölkə üzrə rəhbəri Orduxan Qəhramanzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Murad Əliyev çıxış edərək təlimlər haqqında məlumat verib.
İki gün davam edən təlimlərdə ENACTUS Azərbaycanın koordinatoru Rəşad Zeynalov, NDU-nun Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri Ceyhun Mahmudov, İqtisadiyyat kafedrasının müəllimi Elvin Nəcəfov, Bələdiyyə və turizm kafedrasının müəllimi Asif Abdullayev tələbələr üçün təlimlər keçiblər.
Qeyd edək ki, ENACTUS öz cəmiyyətində fərqlənməklə sosial cəhətdən məsuliyyətli biznes liderləri olmaq üçün bacarıqları inkişaf etdirmək sahəsində universitet tələbələrini mobilləşdirməklə bağlı biznes və ali təhsil liderləri ilə işləyən beynəlxalq layihədir.
İştirakçı tələbələr kampuslarda komandalar təşkil edir və ehtiyacı olan insanların həyat keyfiyyəti, yaşam standartlarını yaxşılaşdıran yardım layihələrini inkişaf etdirmək üçün biznes konsepsiyalarını tətbiq edirlər. ENACTUS platforması dünyanın 37 ölkəsində 1700-dən çox universitetdə 72000-dən artıq tələbəni birləşdirir.
Tədbirin sonunda 2021-ci il "Enactus Onlayn Sahibkarlıq" müsabiqəsinin Azərbaycan üzrə qalibi olan NDU-nun “Enactus” komandasına kubok və sertifikatlar təqdim olunub.