Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi arasında işgüzar görüş keçirilib.

 

BDU-nun rektoru Elçin Babayev ölkəmizdə kiçik və orta sahibkarlığın dövlətin daim diqqət mərkəzində olduğunu, kiçik və orta biznesə ümumilikdə və pandemiya dövründə dəstək göstərildiyini qeyd edib.

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, kiçik və orta biznesə göstərilən dəstək mexanizmləri, onun bugünkü vəziyyəti, yenilikləri ilə bağlı məlumat verib. Birgə layihə və proqramlardan bəhs edib, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüb.

 

O.Məmmədov əlavə edib ki, biznesin müasir tələblər səviyyəsində təşkil edilməsi və rəqabət qabiliyyətinin artırılması məqsədilə elmi yeniliklərin bizneslərə inteqrasiyası önəmlidir. Dünyada olduğu kimi, ölkəmizdə də müasir bizneslərin yaradılmasında yüksək təhsilli, innovativ düşüncə tərzinə mailk və daim yeniliklər axtarışında olan gənclər aparıcı qüvvə hesab olunur.

 

BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professoru Sərvər Abbasov, II kurs tələbəsi Zümrüd Həmidova kiçik və orta sahibkarlığın mövcud vəziyyəti, ölkədə məşğulluğun təmin edilməsi, qeyri-neft ixracının artırılması, biznes mühitinin inkişafı kimi strateji məsələlərdə sahibkarların rolunun yüksəldilməsi, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması haqqında məruzə ediblər.

 

Sonra iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Memorandumu BDU-nun rektoru Elçin Babayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.

 

Memorandumun şərtlərinə əsasən,  elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsinə, bu xüsusda birgə proqramların təşkilinə, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin reallaşdırılmasına, ixtiraçıların fəallığının artırılmasına dəstək, universitetin elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması, kiçik və orta biznes  subyektlərinin maarifləndirilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi nəzərdə tutulub.