Naxçıvan Dövlət Universitetinin (NDU) rəhbərliyi Türkiyənin Çankırı Karatekin Universitetində olub.
Çankırı Karatekin Universitetinin yeni rektoru Harun Çiftçi ilə görüşən NDU-nun rektoru Elbrus İsayev iki ölkənin ali təhsil müəssisələri arasındakı əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, NDU ilə Türkiyənin 80-ə yaxın universiteti arasında tələbə və müəllim mobilliyi sahəsində əməkdaşlıq müqavilələri imzalanıb. Rektor Çankırı Karatekin Universiteti ilə əlaqələrin 2017-ci ildən başlandığını, ali təhsil ocağında artıq ingilis dilində tədrisi həyata keçirilən İqtisadiyyat ixtisası üzrə kadr potensialının formalaşdığını qeyd edib. Vurğulanıb ki, artıq bu ixtisasda dərs deyən müəllimlər və tələbələr bir sıra qabaqcıl Avropa, Amerika universitetlərinin professor heyətinin rəhbərliyi ilə təlimə cəlb olunub.
E.İsayev Türkiyə universitetləri ilə həyata keçiriləcək ikili diplom layihələrinin hər iki ölkə üçün mühüm əhəmiyyətini vurğulayıb və gələcək perspektivlərini önə çəkib. Bildirilib ki, iki ali təhsil ocağı arasında imzalanan protokol Ali Təhsil Şurasının təsdiqindən sonra növbəti akademik ildən başlayaraq 5 il müddətində etibarlıdır.
İmzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb.