Lamiyə Şərəfxanova: “Peşəkar inkişaf istiqamətində bu seminarlar çox ciddi əhəmiyyət kəsb edir”


Artıq 4 tədris ilidir ki, Bakı şəhəri üzrə 12 inzibati rayonun bütün ümumtəhsil məktəblərinin pedaqoji heyətini əhatə edən “Məktəb seminarları” keçirilir. Ənənəvi olaraq tədris ilinin əvvəlində və sonunda keçirilən müzakirələr 6, yaxud 8, hətta 10 gün ərzində davam edir və 8-10 min təhsil işçisini əhatə edir. Bu il iyunun 20-də Nəsimi rayonunda start götürən seminarlar artıq işini yekunlaşdırıb. İyunun 29-da keçirilən sonuncu sessiya Binəqədi rayonunun ümumtəhsil məktəblərini əhatə edib. Sessiyalarda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər. Müzakirələr tədrisin təşkili, məktəb imicinin formalaşdırılması, şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedadlı şagirdlərlə iş, karyera inkişafı, eksternat imtahanları, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər mövzuları əhatə edib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində “Məktəb seminarları”nın nəticələrindən danışıb.

 

- “Məktəb seminarları” 4-cü ildir təşkil edilir. Budəfəki məqsəd nə idi?

- “Məktəb seminarları”nın 4-cü il müzakirələri “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunub. “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına dair il ərzində görülən işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək əsas məqsəd idi.

 

- Mövzu ayrı olsa da, məqsəd fərqlənsə də, qaydalar dəyişməmişdi, elə deyilmi?

- Bəli. Hər il olduğu kimi, bu il də müzakirələrə Bakının 12 inzibati rayonunun ümumi təhsil müəssisələri qatılıb. Bir məktəb mərkəz olaraq seçilib və seminarlar məhz həmin məktəbdə həyata keçirilib. Məsələn, Nəsimi rayonunda 247 nömrəli, Səbail rayonunda 239 nömrəli və s. məktəb seçilib.  

“Məktəb seminarları”nın spesifik proqramı olur. Burada il ərzində həyata keçirilən layihələr, proqramlar, fəaliyyət istiqamətləri, dövlət standartlarının icraolunma vəziyyəti və ümumiyyətlə, keyfiyyət göstəricilərimizin müzakirəsi keçirilir. Harada geriliklərimizin olduğu, hansı mərhələdə daha səmərəli işlər görə biləcəyimizlə bağlı ciddi müzakirələr aparılır. Hər rayon üzrə 23 istiqamətdə sessiyalar keçirilir. Sessiyalar, demək olar ki, həmişə məktəb direktorları, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri, əsas müavinlər, ibtidai sinfin fəaliyyətini tənzimləyən müavinlər, təşkilati işlər üzrə direktor müavinləri, kitabxanaçılar, psixoloqlar, fənn metodbirləşmə sədrləri, məktəb saytlarını idarə edən, məktəbin ictimaiyyətlə əlaqələrini tənzimləyən şəxsləri əhatə edib.

 

- Hər sessiyanın mövzusu da fərqlənir?

- Bəli, hər sessiyanın özünün spesifik mövzuları olur. Məktəb seminarlarının özəyini, əsasını təşkil edən mövzu isə məktəbin sağlam pedaqoji-psixoloji mühitinin təşkil olunması, bu mühitin formalaşmasında müəllim-şagird-valideyn münasibətləri və məktəbin keyfiyyət göstəricilərinə bu münasibətin təsiri müzakirə olunur. Hesab edirəm ki, bu dəfə də çox uğurlu seminarlar oldu.

 

- Seminarlarda iştirakçılara tapşırıqlar da verilir. Həmin tapşırıqlar nə ilə bağlıdır?

- Seminarların sonunda növbəti il üçün müvafiq tapşırıqlar verilir. Bu tapşırıq, tutaq ki, qaydaların hazırlanması ilə bağlı ola bilər. Məktəbin idarəedilməsində mövcud olan direktiv sənədlərdən çıxış edərək hansı normativləri, hansı qaydaları tətbiq etmək olar? Necə edə bilərik ki, valideynləri də bu qaydalara əməl etməyə dəvət edək? Ya da valideynlərlə birlikdə davranış qaydaları formalaşdırmaq, şagirdlərin etik davranış qaydalarını müəyyən etmək tapşırıla bilər. Məktəb seminarlarının elmi əsasları da var. Bu, xüsusilə “səmərəli məktəb yaradaq” ideyasına xidmət edir. Keyfiyyətli təhsil, birgə qərarvermə, məktəbin fəaliyyətinin dövlət standartlarına cavab verməsi baxımından dövlətin irəli sürdüyü məzmunun həyata keçirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, müəllimin sertifikasiya qaydaları ilə bağlı yeniliklər, gələcəkdə sertifikasiya prosesinə gedəcək müəllimlərin hansı mərhələlərdən keçməsi, hansı kriteriyalara cavab verməsi kimi məsələlər də müzakirə olunub. Ümid edirəm ki, məktəb seminarları məktəbin, Bakının təhsil ictimaiyyəti üçün çox aktual məsələləri müzakirə edir.

 

- Belə demək mümkünsə, payız sessiyaları üçün də tapşırıqlar verildi.

- Tədris ilinin əvvəlində keçirilən “Məktəb seminarları”nı planlaşdırma işlərinə həsr edirik. Planlaşdırma, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və hər bir vəzifənin həyata keçirilməsi istiqamətində görüləcək işlər, vəzifələrin icrası zamanı konkret şəxslərin üzərinə düşən məsuliyyət məhz növbəti tədris ilinin əvvəlində keçirəcəyimiz “Məktəb seminarları”nın mövzusu olacaq.

 

- Ayın 20-dən başlayan yay sessiyası artıq başa çatdı. Bu 9 gün ərzində müəllimlərin iştirakını necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. İndiyədək direktorlarla işləmişdim. Ancaq bu dəfə müəllimlərlə işlədim. Çox fəal iştirak edirdilər.

 

- “Məktəb seminarları”nda kimlər iştirak edirdi? Yəni, həmin müəllimlər hansı prinsiplə seçilib?

- 23 sessiyanın 8-i rəhbər şəxsləri, yerdə qalan isə müəllimləri - fənn müəlimləri və metodbirləşmə sədrlərini əhatə edib. Tədrisdə nəzərdə tutulan bütün fənn istiqamətləri üzrə müəllimlər iştirak edib.  Moderatorların sayı imkan vermədiyi və ayrı-ayrı fənlər üzrə müəllimlərin sayı az olduğu üçün bəzi fənlər üzrə sessiyalar birləşdirilib. Bu, həm də daha səmərəli əməkdaşlıq və müzakirə üçün edilib. Ümumiyyətlə, çalışdıq ki, bütün fənn müəllimləri əhatə olunsun. Kitabxanaçılar, psixoloqlar, uşaq birliklərinin rəhbərləri də daxil olmaqla, metodbirləşmə sədri olan, yaxud məktəb direktorlarının tövsiyə etdiyi qabaqcıl müəllimlər iştirak edib. İştirakçılar seçilərkən ilk növbədə onların öyrəndikləri bilikləri yayma qabiliyyəti nəzərə alınıb.

 

- Builki seminarın əvvəlki illərdən fərqi oldumu?

- Bu, yeni ənənədir ki, hər sektor müdiri fərqli auditoriyalarda işləyir.

 

- Müəllimləri, məktəb rəhbərlərini, ümumiyyətlə, iştirakçıları daha çox nə maraqlandırır?

- Bu gün onları maraqlandıran ən vacib məqamlar olimpiada hərəkatı ilə bağlı yeniliklər, “Təhsil haqqında” qanuna bununla bağlı edilən dəyişikliklər, qiymətləndirmənin aparılması qaydaları idi. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri məktəbin və tədrisin məzmununun icrasına nəzarət edirlər. Məzmunun icrasında isə qiymətləndirmənin rolu, aparılma qaydaları xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, məktəbdaxili qiymətləndirmənin mövcud çətinlikləri ilə bağlı müzakirələrimiz oldu. Artıq bəlli olduğu kimi, Təhsil Nazirliyinin Təhsil İnstitutunda, müvafiq struktur bölmələrində qiymətləndirməyə yeni baxış, qiymətləndirmənin yeni qaydaları işlənib hazırlanıb. Hesab edirəm ki, seminarlardakı müzakirələr zamanı müəllimlərin səsləndirdiyi fikirləri, aldığımız tövsiyələri də həmin quruma ötürəcəyik. Narahatlıqları çatdıracağıq. “Məktəb seminarları” artıq məktəblə Təhsil Nazirliyi arasında, o cümlədən normativ hüquqi aktlar hazırlayan qanunverici orqan arasında bir körpü rolunu oynayır. Bu tədbirlərin həm də kütləviliyi var. Hər il “Məktəb seminarları”  8-10 min nəfəri əhatə edib.

 

- 4 ildə nə dəyişib?

- Həm məktəbin idarəedilməsində, həm məzmunun idarə edilməsində, şagird-məktəb-valideyn münasibətlərində, eyni zamanda direktorların peşəkar inkişafında, onlara verilən tövsiyələrdə bu seminarlar çox ciddi əhəmiyyət kəsb. Bu cür müzakirə platformaları məktəblərdə mövcud deyil. Ağır və çevik iş rejimi ilə müşayiət olunan gündəlik fəaliyyətlərində eyni rayonun, hətta qonşu məktəblərin müəllimlərinin bir araya gəlib hansısa məsələni müzakirə etməsi mümkün olmur. Məzmunla bağlı olan bu müzakirə platforması isə imkan verdi ki, onlar öz çətinliklərini, əldə etdikləri nailiyyətləri, uğur hekayələrini bölüşsünlər.

 

- Toplantılarda müzakirə olunan məsələlər adətən elə orada da qalır. Məktəb seminarları qərarlarına nə qədər sadiq qalır?

- Bizim hesabatlarımız olur. Təqdim olunan hesabatlar təhlil edilir. Növbəti ildə çıxan nəticələrlə bağlı direktorlara istiqamətverici sənədlərin işlənib hazırlanması barədə tapşırıq verilir. Yəni, direktorların qarşısında ciddi tapşırıq qoyulur. Həmin tapşırığın icrası ilə bağlı hər məktəb öz hesabatını verir. Artıq ildə iki dəfə hesabatlar planlaşdırılıb. Hər məktəb öz hesabatını müəyyən edilmiş vaxtlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edir. Bu qərar BŞTİ tabeliyində olan 317 təhsil müəssisəsinə aiddir. Ümumiyyətlə, qayda belədir ki, seminar iştirakçıları burada səslənən təklifləri, verilən tapşırıqları, müəyyənləşdirilən prioritetləri fəaliyyət planlarına daxil etməlidirlər.     

 

Ruhiyyə Daşsalahlı