İyulun 8-də onlayn şəkildə “SABAH-ın məzunu” mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev və digər rəsmilər, eləcə də ali təhsil müəssisələrinin rektorları, SABAH qruplarının əməkdaşları və tələbələr iştirak ediblər.
Əvvəlcə SABAH qruplarının fəaliyyətini əks etdirən, eləcə də Vətən müharibəsində qələbəmizi təcəssüm edən videoçarxlar nümayiş olunub.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev təhsilin inkişafının ölkəmiz üçün bütün dövrlərdə müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Nazir bildirib ki, SABAH qrupları layihəsinin tutduğu yol, ölkəmizin ali təhsil sistemində yeni və müasir təhsil mühiti formalaşdırmaq, ali təhsil müəssisələrinə qəbul olunan savadlı, bacarıqlı tələbələrə öz istedadını reallaşdırmaq üçün platformanı qurmaq məqsədinə xidmət edir.
Emin Əmrullayev çıxışında SABAH qrupları məzunlarının hər il magistratura pilləsinə qəbul, müəllimlərin işə qəbulu və digər indikatorlar üzrə yüksək nəticələr göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təhsil naziri müəllim ixtisası üzrə məzun olan gənclərin Azərbaycan təhsilinin gələcəkdə yeni simalarına çevriləcəyini, ümumiyyətlə bu dövrdə məzun olacaq tələbələrin zəfər qazanmış Azərbaycanın iqtisadiyyatının və digər sahələrinin inkişafında, fərqli beynəlxalq müstəvidə ölkənin nüfuzunun yeni bir səviyyəyə çatmasında rol oynayacağını xüsusilə vurğulayıb.
Müasir və sürətlə dəyişən dünyada uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini deyən təhsil naziri bu yolda hər bir SABAH məzununa uğurlar arzulayaraq onları təbrik edib.
Tədbirdə SABAH qrupları layihəsinin rəmzi ənənələri- məzun papaqlarının havaya atılması, rəmzi SABAH açarının III kurs tələbələrinə verilməsi kimi videoçarxlar nümayiş olunub.
Tədbirin sonunda SABAH mərkəz rəhbərlərinin və müəllimlərinin təbrikini əks etdirən videoçarxlar göstərilib.
Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 35 ixtisas üzrə 2430-dan çox tələbəni əhatə edir. 2020-2021-ci tədris ilində 759 SABAH məzunu təhsilini başa vurur.