İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” adlı birgə layihəsinin təqdimatı keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev,  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, səhiyyə naziri səlahiyyətlərini icra edən, nazirin birinci müavini Teymur Musayev, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri, ali təhsil müəssisələrinin rektorları, elmi müəssisə və təşkilatların direktorları iştirak ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi müəssisə və təşkilatların akkreditasiyası işinin təşkili haqqında danışıb. Ali Attestasiya Komissiyasının sədri məlumat verib ki, dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində dərc edilən məqalələrin sayına görə ölkələrin siyahısında Azərbaycan son dövrlərdə əhəmiyyətli irəliləyişə nail olub. 2014-cü ildə “Web of Science” bazasında dərc edilən elmi işlərin sayı 527 idisə, ötən il bu rəqəm 1787-yə çatıb. Azərbaycan üzrə dərc olunan məqalələrin 93 faizi fizika-riyaziyyat, texnika, Yer, biologiya və tibb elmləri, 7 faizi isə humanitar və ictimai elmlər sahəsinə aiddir. Fazil Mustafayevin sözlərinə görə, elmin inkişafı ölkəmiz üçün son dərəcə vacib və əhəmiyyətli olduğundan bu sahədə görüləcək işlər mütləq digər sahələrdə ölkədə aparılan islahatlarla uzlaşdırılmalıdır.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin Azərbaycanda elmin və təhsilin inkişafına göstərdiyi dəstək haqqında ətraflı məlumat verib. Kestutis Yankauskas qeyd edib ki, təhsil və elmi tədqiqat sahəsindəki əməkdaşlıq bilik və təcrübənin sərbəst hərəkəti üçün imkan yaradır və bu da özlüyündə inkişaf etmiş iqtisadiyyat və açıq cəmiyyətin yaranmasında, həmçinin qarşılıqlı anlaşmanın güclənməsində əsas rol oynayır.

 

Layihə rəhbəri İlkin Nəzərov da öz növbəsində bildirib ki, layihə 3 mərhələdə (hazırlıq, icra və yekun) icra olunacaq. Layihənin 2022-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

 

Keyfiyyət təminatı və akkreditasiya üzrə baş ekspert Axim Hopbax təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiyası sahəsində Avropa təcrübəsi haqqında təqdimatla çıxış edib. Bu sahədə Xorvatiya, Almaniya və Çex Respublikasının təcrübəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonda sual-cavab sessiyası təşkil olunub, müzakirələr aparılıb.

 

Qeyd edək ki, “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və “IBF International Consulting” şirkətinin rəhbərlik etdiyi Konsorsium ilə birgə həyata keçiriləcək. Layihənin məqsədi Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq təhsilin doktorantura səviyyəsində daxili və xarici keyfiyyət təminatı prosesinin qurulması və elmi müəssisələrin akkreditasiyası üzrə yeni mexanizmlərin tətbiqini təşkil etməkdir. Bu məqsəd çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı qaydaların hazırlanması, kadrların bacarıqlarının artırılması və akkreditasiya prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.